“Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi klubun əfsanəvi futbolçusu Georgi Haciyə ünvanladığı açıqlama ilə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabında paylaşdığı məktubda Hacinin “Qalatasaray” üçün təkcə qol və rekordlardan ibarət olmadığını, klubun kimliyini, xarakterini və ruhunu formalaşdıran əsas simalardan biri olduğunu vurğulayıb.
Mauro İkardi məktubunda Metin Oktayın roluna da xüsusi yer ayırıb. O bildirib ki, “Qalatasaray"lı olmağın mənasını əvvəlcə Metin Oktay öyrədib, Haci isə bu mirası daha yüksək səviyyəyə daşıyıb. İkardi özünü bu zəncirin davamçısı hesab etdiyini bildirib:
“Bu gün məni Türkiyədə kumir hesab edirlər. Amma səmimi deyirəm ki, bu sevda mənimlə başlamayıb. Metin Oktayla başlayıb, Haci ilə böyüyüb. Mən sadəcə onu davam etdirmək şərəfinə nail olmuşam”.
Argentinalı hücumçu əlavə edib ki, kumir olmaq yalnız qollarla ölçülmür, əsas olan insanların yaddaşında qalmaqdır. Onun sözlərinə görə, bu baxımdan Haci “Qalatasaray” tarixində əbədi yerə sahibdir.
Mauro İkardi adının Haci ilə yanaşı çəkilməsini böyük şərəf saydığını qeyd edərək, getdiyi yolda ona yol açan əfsanəyə təşəkkür edib.