“Real”ın hücumçusu Kilian Mbappenin İspaniya klubundan ayrılacağı iddia olunur.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşrində çalışan jurnalist Fransua Qalyardo sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Mbappe “Real”ın son dövrlərdəki nəticələrindən narazıdır. Fransalı hücumçu Madrid klubundakı vəziyyətdən məyus olduğu üçün 2027-ci ilin yayında komandadan ayrılmaq qərarına gəlib. “Real”ın da futbolçunun gedişinə mane olmayacağı bildirilir.
Qalyardonun məlumatına görə, fransalı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Qeyd edək ki, Mbappe 2024-cü ildən “Real”da çıxış edir. 27 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, bu mövsüm “kral klubu”nun heyətində 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.