Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-da Avstraliyaya qarşı keçirəcəkləri oyun öncəsi açıqlama verib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis dünya çempionatında oynamağın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Montella 24 illik fasilədən sonra mundiala qayıtdıqlarını xatırladıb:
“24 ildir gözlədiyimiz oyun öncəsi çox həyəcanlıyıq. Dünya çempionatında bizi hansı çətinliklərin gözlədiyini bilirik. Bundan zövq almaq istəyirik”.
Baş məşqçi Türkiyə millisinin üzərində təzyiq olduğunu gizlətməyib:
“Türkiyə 2002-dən bəri dünya çempionatında oynamırdı. Rəqibimiz isə son 6-7 turnirdə müntəzəm iştirak edib. Əlbəttə, üzərimizdə təzyiq var. Amma bunu idarə edə bilərik. Heyətimizdə Avropada böyük oyunlara çıxmış, Türkiyədə ciddi təzyiq altında oynamış futbolçular var”.
Montella futbolçularından meydanda rahat və cəsarətli olmalarını istədiyini vurğulayıb:
“Futbolçularıma öz oyunumuzdan kənara çıxmamağı, istedadlarını sərbəst şəkildə göstərməyi və rahat olmalı olduqlarını deyirəm. İndiyə qədər necə oynamışıqsa, eyni şəkildə davam etməliyik. İndi ən yaxşı futbolumuzu göstərməyin vaxtıdır. Meydanda bütün varlıqlarını ortaya qoymalıdırlar”.
İtaliyalı mütəxəssis Türkiyədə özünü evindəki kimi hiss etdiyini də əlavə edib:
“Türkiyədə özümü sanki övladlığa götürülmüş kimi, evimdəymiş kimi hiss edirəm. Komandama həqiqətən böyük ehtirasla bağlıyam. Bilirəm, nəticələr istənilən kimi olmasa, ağır tənqidlər ola bilər. Amma bu, işimin bir parçasıdır”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Avstraliya, Paraqvay və ABŞ-la mübarizə aparır. Türkiyə - Avstraliya oyunu iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da keçiriləcək.
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
- Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”