Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
01.10.2026 - 17:07
Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi

“Qalatasaray” prezidenti Dursun Özbek Avropa Futbol Klublarının (EFC) İdarə Heyətinə seçilməsi ilə bağlı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, Özbek sentyabrın 29-da Kopenhagendə keçirilən seçkidə yekdilliklə EFC-nin İdarə Heyətinə üzv seçilib.

“Qalatasaray”ın rəsmi məlumatında da klub prezidentinin yeni vəzifəsində Türkiyə futbolunu təmsil edəcəyi bildirilib.

Özbek namizədliyinin EFC prezidenti Nasser Əl-Xelaifi tərəfindən təklif edildiyini açıqlayıb. O bildirib ki, Çempionlar Liqasının püşkatması zamanı Monakoda Əl-Xelaifi ilə görüşüb və Kopenhagendəki Baş Assambleyaya dəvət alıb:

“Nasser məni İdarə Heyətinin üzvlüyünə dəvət etdi. Kopenhagenə getdim, seçkidə iştirak etdim. Səsvermədə iştirak edən 138 üzvün hamısının səsi ilə İdarə Heyətinə seçildim”.

“Qalatasaray” prezidenti EFC-də təmsil olunmağın həm klub, həm də Türkiyə futbolu üçün mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, 800-dən çox peşəkar klubun yer aldığı qurum UEFA və FIFA ilə sıx əməkdaşlıq edir və Avropa klub futbolunda mühüm qərarların qəbulunda iştirak edir.

Özbek Kopenhagendə UEFA prezidenti Aleksander Çeferin və Avropanın aparıcı klublarının rəhbərləri ilə görüşdüyünü də bildirib. Klub rəhbərinin sözlərinə görə, həm Çeferin, həm də Əl-Xelaifi “Qalatasaray”ın futbola yatırdığı sərmayə və klubun Avropadakı mövqeyi barədə müsbət fikirlər səsləndiriblər.

O, yeni vəzifəsində xüsusi diqqət yetirəcəyi məsələlərdən birinin Çempionlar Liqasından əldə edilən gəlirlərin klublar arasında bölüşdürülməsi olacağını qeyd edib:

“Orada bizim də deyəcəyimiz bir neçə söz var. Bunların ən vaciblərindən biri Çempionlar Liqası gəlirlərinin bölgüsüdür. ‘Qalatasaray’ olaraq bu məsələlərdə mövqeyimizi bildirəcəyik”.

Qeyd edək ki, Dursun Özbek sentyabrın 29-da Danimarkanın paytaxtı Kopenhagda keçirilən seçkidən sonra rəsmən EFC İdarə Heyətində fəaliyyətə başlayıb.