Okan Burukdan İkardi paylaşımı - “Səni çox sevirik, kral”
16.07.2026 - 02:01
Okan Burukdan İkardi paylaşımı - “Səni çox sevirik, kral”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandadan ayrılan Mauro İkardi ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis şəxsi sosial şəbəkə hesabında etdiyi paylaşımda argentinalı hücumçunun klub tarixində xüsusi yer tutduğunu bildirib.

“Vidalar hər zaman çətindir. Ancaq ‘Qalatasaray’ tarixinə adını yazdırmış, son dörd ildə birlikdə kuboklar qazandığımız, liqada dominantlıq edib mühüm rekordlara imza atan bir futbol fiquruyla vidalaşmaq mənim üçün daha çətindir.

Bir nəsli sarı-qırmızı rənglərə ürəkdən bağladığın, azarkeşlərimizin sevgilisinə çevrildiyin və klubumuzda unudulmaz izlər buraxdığın üçün həm ‘Qalatasaray’ın baş məşqçisi, həm də azarkeşi kimi sənə təşəkkür edirəm.

Bu gün ‘Qalatasaray’ ailəsi olaraq çox xüsusi futbolçu ilə vidalaşırıq. Ancaq bilirəm ki, Mauro İkardi həmişə bu ailənin önəmli üzvü olacaq və dünyanın hər yerində klubumuzu qürurla təmsil etməyə davam edəcək. Səni çox sevirik, kral”, – deyə Okan Buruk bildirib.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayında PSJ-dən icarə əsasında “Qalatasaray”a keçib. İstanbul klubu bir il sonra argentinalı hücumçunun transfer hüquqlarını alıb. İkardi dörd mövsümdən sonra “Qalatasaray”dan ayrılıb.

İkardi "Qalatasaray"ın heyətində 4 dəfə Türkiyə çempionu (2022/23, 2023/24, 2024/25 və 2025/26), 2 dəfə Türkiyə Superkuboku və 1 dəfə Türkiyə Kuboku qazanıb.