“Real” La Liqa ilə məhkəmə prosesində növbəti dəfə haqlı çıxıb.
Apasport.az xəbər verir ki, Madrid klubu bununla bağlı rəsmi açıqlama yayıb.
İspaniya Ali Məhkəməsi La Liqa prezidentinin 2022-ci ildə “Real”ın audiovizual hüquqların idarə olunması üzrə Nəzarət Orqanının bir sıra iclaslarında iştirakına mane olan qərarlarının etibarsızlığını qəti şəkildə təsdiqləyib.
Aprelin 10-da Ali Məhkəmənin Birinci Palatası La Liqanın apellyasiya şikayətini rədd etmişdi. Qərarda həmin addımların “Real”ın iştirak hüquqlarını pozduğu və qanunla tələb olunan prosedura əməl edilmədən qəbul edildiyi bildirilib.
La Liqa daha sonra artıq qüvvəyə minmiş qərara qarşı əlavə etiraz mexanizmi işə salıb. Lakin Ali Məhkəmə bu cəhdi də rədd edib və artıq məhkəmə tərəfindən həll olunmuş hüquqi mübahisənin yenidən açılmasına imkan verməyib.
Qeyd edək ki, “Real” açıqlamasında qərardan məmnunluğunu ifadə edib və bunun hüquqi müəyyənlik, eləcə də peşəkar futbol qurumlarında klubların hüquqlarına hörmət prinsiplərini təsdiqlədiyini vurğulayıb.