Türkiyə futbolunda hakimlərlə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirilib.
Apasport.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə aparılan və mətbuatda “Hakimlər dosyesi” adlandırılan istintaq çərçivəsində Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu da daxil olmaqla 7 nəfər saxlanılıb.
Şübhəlilərlə bağlı mobbinq və rəsmi sənəddə saxtakarlıq iddiaları araşdırılır.
İstintaqın 15 sentyabr 2025-ci ildə bir zərərçəkənin ifadəsi əsasında başladığı bildirilib. Araşdırma zamanı açıq mənbələrdən əldə olunan məlumatlar, Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) materialları, telefon əlaqələrinə dair HTS qeydləri, zərərçəkən və şahid ifadələri, həmçinin ekspert rəyləri dosyeyə daxil edilib. Bu materiallardan sonra bəzi MHK rəsmiləri, hakim və hakim-inspektorların araşdırılan əməllərlə əlaqəsinin ola biləcəyi ehtimal olunub.
Sentyabrın 29-da İstanbul, Ankara, Elazığ və Manisada eyni vaxtda əməliyyat keçirilib.
Saxlanılan 7 nəfər bunlardır:
Ferhat Gündoğdu – MHK sədri;
Ferdi Karadoruk – TFF Hakimlər Dərnəyinin sədri;
Ahmet Şahin – MHK-nın sabiq sədr müavini;
Yunus Yıldırım – MHK-nın sabiq üzvü;
Sebahattin Şahin – MHK üzvü, TFF Təhsil və IV bölgə məsulu;
Alican Sağlar – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsələlər üzrə məsulu;
Emre Kosif – İstanbul şəhər Hakimlər Komitəsinin sədri.
Əməliyyat zamanı saxlanılanlardan 4-ü İstanbulda, digərləri isə Ankara, Elazığ və Manisada tutulub. Məqsəd həm şübhəlilərin ifadələrinin alınması, həm də istintaqa aid ola biləcək sübutların toplanmasıdır.
Qeyd edək ki, şübhəlilər barədə yekun məhkəmə qərarı yoxdur və araşdırma davam etdirilir.