"Yunayted"ə "Old Trafford"da soyuq duş: 45 il sonra
14.04.2026 - 00:59
"Yunayted"ə "Old Trafford"da soyuq duş: 45 il sonra

İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində bu gün daha bir oyun baş tutub. 

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" doğma "Old Trafford"da "Lids Yunayted"i qəbul edib. 

Qonaqlar Okaforun dublu ilə ilk hissəni öndə tamamlayıb. 

İkinci hissə də "Qırmızı şeytanlar"ın istədiyi kimi başlamayıb. Belə ki, matçın 56-cı dəqiqəsində Lisandro Martinez ikili mübarizə zamanı "Lids"li Kalvert Luinin saçından tutaraq çəkib. VAR-ın müdaxiləsindən sonra qırmızı vərəqə alaraq meydanı tərk edən Martinez komandasını 1 nəfər azlıqda qoyub. 

Buna baxmayaraq 69-cu dəqiqədə Kazemironun qoluyla "Yunayted" fərqi minimuma endirib. Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb. 

Beləliklə, "Lids Yunayted" nə az, nə çox - 45 il sonra "Mançester Yunayted"i səfərdə məğlub edib: 2:1.

Xallarının sayını 36-ya yüksəldən "Lids" 15-ci pilləyə yüksələrək təhlükəli zonadan bir az uzaqlaşıb.

Mançester təmsilçisi isə 55 xalda qalaraq 3-cü pillədə qərarlaşıb.