Azərbaycanda kros qaçışı üzrə payız çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış Bakı Dövlət Cıdır Meydanında baş tutub.
Çempionatda paytaxt idmançıları ilə yanaşı, Gəncə, Xızı, Xaçmaz, Astara, Bərdə, Gədəbəy və Şəmkirdən 80-dən artıq atlet müxtəlif məsafələr üzrə mübarizə aparıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə yarışın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli rəqiblərini qabaqlayaraq növbəti dəfə Azərbaycan çempionu adını qazanıb.
Altı km məsafədə Gəncə idmançısı Sərxan Talıbov birinci yeri tutub. Üç km məsafədə onun həmyerlisi Rinad İbrahimov, iki km məsafədə isə Xaçmaz təmsilçisi Raul Həsənov qızıl medala sahib çıxıblar.
Qadınların mübarizəsində Qənirə Həsənova altı km məsafəyə qaçışda ən yüksək nəticəni göstərərək ölkə çempionu olub.
Dörd km məsafədə Elina Yusupova qalib gəlib. İki km məsafədə Şəmkir idmançısı Türkan Abbasova, bir km məsafədə isə Xızı təmsilçisi Aişə Vəlili fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Beləliklə, çempionatda qadınlar və kişilər arasında ümumilikdə səkkiz məsafə üzrə qaliblər müəyyənləşib.