AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov futbolumuzun inkişafı ilə bağlı təkliflər hazırladığını və AFFA-ya təqdim etdiyini bildirib.
Ümumiyyətlə, bu mütəxəssisin hansı meyarlara əsasasən Məşqçilər Komitəsindəki digər həmkarlarını qabaqlayıb sədr seçilməsi mübahisə doğurur. Çünki istər Ağasəlim Mircavadov, istərsə də Böyükağa Hacıyev Sadıqovdan yaşca böyük, nəticə baxımından isə üstündü. Lakin yazımızın mövzusu bu deyil. Biz Məşqçilər Komitəsinin, böyük ehtimalla, Vaqif Sadıqovun özünün verdiyi təkliflərin nə qədər gərəkli olması barədə araşdırma aparmaq istəyirik. Bunu müəyyənləşdirməkdən ötrü gəlin Vaqif bəyin karyerasını nəzərdən keçirək.
Sadıqov üç dəfə müxtəlif vaxtlarda yığma komandaya baş məşqçilik etsə də, onun elə bir ciddi nəticə qazandığını xatırlamıram. Yalnız Avstriya ilə Bakıdakı heç-heçəni qeyd etmək olar. Məğlubiyyətlər, o cümlədən böyük hesablı məğlubiyyətlər isə kifayət qədərdi. Mən yalnız bunlardan birini xatırladacam: Azərbaycanın Lixtenşteynə məğlub olduğu oyunu.
Klub səviyyəsində də Vaqif bəyin elə ciddi uğuru yoxdu. Məşqçi kimi bir dəfə də olsun Azərbaycan çempionu olmayıb.
Vaqif bəylə bağlı yaxın keçmişdən bir neçə faktı xatırladım. Yadımdadı ki, Sumqayıtın "Gənclərbirliyi" adında bir komandası var idi. Sabir Əliyev və Əfqan Talıbov bu komandada normal nəticələr qazanırdılar. Vaqif Sadıqov bu kluba vitse-prezident gəldi və komandanın tamamilə çöküb dağılmasında "müstəsna xidmətlər" göstərdi.
Fuad Əsədov AFFA-da baş katib işlədiyi dövrdə, futbolumuz normal inkişaf etdiyi vaxt həmin Əsədovun Sadıqovla görüşünü xatırlayıram. Bu görüşdən sonra Sadıqov mətbuata demişdi ki, o, legionerlərin sayının meydanda üç nəfərdən artıq olmaması təklifini verib. Yadımdadı ki, bu limit (üç legioner) bir mövsüm tətbiq olundu və futbolumuzu ən azı üç il geri atdı.
Təxminən 15 ilin söhbəti olar (bəlkə də çox). O vaxt Vaqif bəyin bir müsahibəsini oxumuşdum. Həmin müsahibədə Sadıqovun sözlərindən onun atletik futbola üstünlük verdiyi hiss olunurdu. Mən bununla bu məşqçinin bu cür futbol fəlsəfəsini tənqid etməkdən uzağam. Lakin həmin fikirlərdən yadımda qalan bir məqamı xatırlamaq istəyirəm. Məsələn, yadımdadı, Sadıqov deyirdi ki, gələcəkdə fiziki göstəriciləri aşağı olan oyunçular futbolda olmayacaq. Həmin məntiqlə onda bu gün Messi olmamalıydı. Zaman isə göstərdi ki, futbolda vacib şərt boy-buxun deyil, texnika və sürətdi.
Deməyim odu ki, belə ideyalar verən adamdan futbolun inkişafı üçün uğurlu bir şey gözləməyə dəyməz.
Ən təəccüblüsü bilirsiz nədi? Bütün bu göz qabağındakı nəticələrdən (nəticəsizliklərdən) sonra yenə də bu insanın sözü eşidilir, qəbul olunur. O, Məşqçilər Komitəsinin sədridi. "Bu qədər sərmayə qoyulmasına rəğmən, Azərbaycan futbolunun inkişafı niyə ləng gedir" sualının cavabını məncə, bu kimi məsələlərdə axtarmaq lazımdı. Yəni düzgün olmayan kadr siyasətində...
Ümumiyyətlə, futbolun inkişafı üçün geniş erudisiyası olan adam dəqiq proqram tərtib edə bilər. Çünki istər futbolun inkişafı olsun, istərsə də çempionatın təşkili - bu işlərdə ayrı-ayrı sahələrə aid çoxlu müxtəlif nüanslar var ki, onlar hamısı nəzərə alınmalıdı. Bütün bu nüansları isə bayaq qeyd etdiyim kimi, geniş erudisiyalı adam görə bilər, nəinki nəticəsi olmayan və düşüncəsi bu günlə səsləşməyən avantürist... ( komanda.az)