
“Zirə” və “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov apasport.az saytına müsahibə verib.
- “Qarabağ" "Neftçi" üzərində qələbə qazansa da, "Zirə"nin son görüşdəki qalibiyyəti Ağdam təmsilçisinin çempionluğunu rəsmiləşdirməsinə imkan vermədi. Necə düşünürsüz, yəqin ki, hansısa möcüzə baş verməz və növbəti tur "Qarabağ" çempionluğunu rəsmiləşdirər?
- “Qarabağ”ın çempionluğu hər kəsə məlumdur. Sadəcə keçən ilki çempionatdan fərqli olaraq, bu, sona 3-4 tur qalmış rəsmiləşəcək. Bu mövsümkü çempionat sürprizlərlə bol oldu. Amma bunun “Qarabağ”ın çempionluğuna mane olacağını düşünmürəm. Yəni “Zirə”nin 15 xallıq fərqi aradan qaldırması üçün “Qarabağ”ın ardıcıl 5 tur məğlub olması lazımdır ki, bunun da ehtimalı sıfıra bərabərdir.
- Ümumiyyətlə, yeni sezonda legioner limitinin də tətbiq olunmayacağını nəzərə alsaq, “Qarabağ”ın çempionluq mübarizəsində rəqiblərinin olacağını düşünürsüz? Məsələn, "Zirə" 2 ildir ki, 2-ci yerdə qərarlaşır, sabitlik var. Onları çempionluq mübarizəsində görürsüz?
- Bizim çempionatda stabil oynayan tək-tük komandalardan birincisi “Qarabağ”dır. Digər komandaları isə istənilən sıralama ilə düzmək olar. Ən vacib məsələ çempionatda çıxış edən komandalarda sabit heyətin qurulmasıdır ki, son zamanlar bunu “Zirə” edə bilir. Burda “Sabah”ı da qeyd etmək olar. Amma “Sabah”da olan məşqçi dəyişikliyi bu stabilliyi formalaşdırmağa mane olur. “Zirə” gələn sezon çempion ola bilər? Bu, “Zirə”nin yeni sezonda çempionata necə başlayacağından və çempionatda oynayan digər komandaların Premyer Liqaya hazırlığından asılı olacaq.
- Maraqlıdır ki, "Zirə" Premyer Liqadakı çıxışı ərzində ən çox xalı məhz sizin vaxtınızda toplamışdı - 62 xal. Hazırda isə 61 xalları var və bu rekordu yeniləyə bilərlər. Uzun illərdən sonra komanda tarixinin ən çox xalını toplaya bilər..
- Bu statistika barəsində heç vaxt düşünməmişdim. Sadəcə biz bunu ilk ildə edə bilmişiksə, deməli düzgün işləmişik və bacardığımızın ən yaxşısını etməyə çalışmışıq. Sizin sayta əvvəl verdiyim müsahibələrin birində də bildirmişdim ki, bizə hədəfi vurmaq üçün bir atış şansı verilir və bu bir atışla da biz tam hədəfi vurmalıyıq. Görünən isə odur ki, biz hədəfə lazım olandan tez çatırıq. Yəni eyni aqibəti ikinci dəfə yaşayırıq (gülür).
- Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşləri maraqla gözlənilir. Necə düşünürsüz, "Qarabağ" ilk matçda uduzduğu "Araz-Naxçıvan"ı məğlub edərək finala vəsiqə qazana biləcək? Hansı ssenarinin olacağını ehtimal edirsiz?
- Yarımfinal oyunları həddindən artıq maraqlı olacaq. İstər “Qarabağ” - “Araz-Naxçıvan”, istərsə də “Sabah” – “Neftçi” matçı bu cür keçəcək. “Qarabağ” “Araz-Naxçıvan”dan daha geniş heyətə malikdir və bu cür sıx qrafikdə oynamaq baxımından da daha hazırlıqlıdır. Həm də “Qarabağ”ın “Neftçi” ilə oyunu çox da ağır olmadı. “Araz-Naxçıvan”ın isə son çempionat oyunu, “Turan-Tovuz”la görüş yetərincə gərgin və ağır oldu. Baxmayaraq ki, Naxçıvan təmsilçisi çempionat oyununu bir gün öncə keçirmişdi. Heyətdə zədəli oyunçuların olması, zədədən yeni qayıdan oyunçuların varlığı, məlum oyundan sonra olan gərginlik... Bunlar hamısı komandanın durumunun vəziyyətindən xəbər verir. Ona görə düşünürəm ki, Naxçıvan təmsilçisi finala çıxa bilsə, demək ki, Elmar Baxşıyev komandanı bu oyuna mümkün olan imkanlarla yüksək motivasiya edə bilib.
Bu oyunun nəticəsi həm də Tovuz təmsilçisinin Konfrans Liqasına getmək şanslarının nə qədər olacağını da müəyyənləşdirə bilər.
- Digər cütlüyün oyununun daha gərgin olacağı gözlənilir. “Neftçi"dən “Sabah”la görüşdə geridönüş gözləyirsiz?
- Bəli, digər yarımfinalçıların oyunu demək olar ki, hər iki komanda üçün finala bərabər oyundur. Bu oyunun son fitindən sonra yəqin ki, mətbuatın suallarının sonu olmayacaq.