Vaxtilə “Roma”, “Xəzər Lənkəran” kimi klublarda oynamış rumın futbolçu Adrian Pit apasport.az saytına müsahibə verib.
- “Qarabağ” FKSB ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?
- Bu, çox gözəl, maraqlı və bir o qədər də çətin oyun olacaq. Hər iki komanda pley-off mərhələsinə qalmaq istəyirsə, mütləq qalibiyyət üçün meydana çıxmalıdırlar. Bu mənada, komandalar bütünü gücünü səfərbər edəcək.
- FKSB-nin hazırkı vəziyyəti necədir? Bilirik ki, komandanın böyük itkiləri var, kapitan da oynamayacaq...
- Onlar çempionatda son turda heç-heçə etdi. Amma FKSB oyunu "Hermanştat"dan daha yaxşı səviyyədə keçirdi. Məncə, FKSB əks-hücumlara bel bağlayacaq, əsasən bu oyun taktikasına üstünlük verəcək. Bəli, kapitan Olaru da oynamayacaq. Mən də elə bilirəm.
- “Qarabağ” əsas hücumçusu Juninyonu “Flamenqo”ya satdı. Bu da “Qarabağ” üçün ciddi itki sayıla bilər. Bu barədə nə düşünürsünüz?
"Qarabağ"ın "Tottenhem"ə qarşı oyununu görmüşdüm və deyə bilırəm ki, "Qarabağ" güclü rəqibinə qarşı çox yaxşı oyun nümayiş etdirdi.
Təbii ki, Juninyo həmin matçın ən yaxşı oyunçusu idi. Juninyosuz "Qarabağ"a çətin olacaq. Amma unutmayaq ki, bu komandanın heyətində hər zaman yaxşı futbolçular olub və var. Onu əvəz edə bilərlər. Futbolda hər şey olur, ayrılıqlar da...
- “Qarabağ” haqqında nə düşünürsünüz? Bir vaxtlar Azərbaycanda, “Xəzər Lənkəran”da oynamısınız. O vaxtkı "Qarabağ"ı necə xatırlayırsınız?
- “Qarabağ” ildən-ilə daha da yaxşılaşır. Mən “Xəzər Lənkəran”da oynadığım vaxtda da “Qarabağ”a eyni məşqçi rəhbərlik edirdi. İndi olduqları səviyyə üçün bir yola girmişdilər və hədəflərinə çatdılar. Yeni stadionları da tikilir. Onlar üçün hər şeyin daha yaxşı olacağına əminəm. Bütün xalqın komandanın yanında olması çox önəmlidir. Onlar “Xəzər Lənkəran”dan fərqli olaraq, heç vaxt vaz keçmədilər.
- “Xəzər Lənkəran”da çıxış edəndə “Qarabağ”ın hegemonluğu yox idi. Amma son illərdə əsas hegemon “Qarabağ”dır. Sizcə bunu necə etdilər?
- Dediyim kimi, komandanın içində, ətrafında keyfiyyətli insanlardan ibarət bir dəstəyə sahib olmalısınız. Amma ildən-ilə “Qarabağ” kimi böyümək üçün səbirli olmaq, oyunçulara və məşqçiyə dəstək olmaq lazımdır. “Xəzər Lənkəran”da oyunçu və məşqçiləri tez-tez dəyişirdilər. Ailəni bu cür qurmaq olmaz. Çünki futbolda qısa zamanda kollektiv qurmaq asan deyil. Bu hazırda “Neftçi”də də baş verir. Fikrimcə, onlar bir məşqçini təyin edib, ona üç il şans verməlidirlər. O zaman nəticə olacağını görəcəksiz.
- FKSB uduzsa, Rumıniyada buna reaksiya necə olacaq? Sizcə, FKSB “Qarabağ”ı məğlub edə bilərmi?
- İstənilən halda, onlar Avropada çox yaxşı nəticə göstərdilər və heç kim onlardan bu qədər irəliləməyi, belə nəticələr qazanmağı gözləmirdi. FKSB qalib gəlsə, 14 xala yüksələcək. “Qarabağ” isə 9 xal toplamaq üçün son iki oyunda qələbə qazanmalıdır. Deməli çox gözəl oyun olacaq. Hər iki komanda eyni anda qalib gəlsə, şad olaram (gülür). Bərabərlik bir az FKSB-yə kömək edə bilər. Baxaq, görək necə olacaq.