
Azərbaycan futbolundan dəfələrlə, günlərlə, həftələrlə, illərlə danışmışıq. Bəlkə də, əksəriyyətimiz mövcud vəziyyəti qəbul etmişik. Bunun düzəlməyəcəyini, bizdə keyfiyyətli, istəkli, döyüşkən millinin olmayacağını düşünürük.
Hətta hər ötən il buna daha da alışmağa, sanki belə olmalıymış kimi davranmağa başlayırıq. Gürcüstan, Türkiyə, Rusiya, İran və Ermənistan futbolçularını Çempionlar Liqasının finalında izləyirik. Həmyerlilərimizi isə avrokubokların təsnifat mərhələsində göstərdikləri uğursuz performansla xatırlayırıq.
Nəticədə “Azərbaycanda futbol yoxdur” fikri bütün beyinlərdə kök salmağa davam edir. Səbəblər nələrdir? İnfrastruktur, uşaq futbolu, süni örtüklü meydançalar, falan, filan?
Elə isə yaxın əyləşin, bəzi detalları dəqiqləşdirək. Birincisi, büdcəsi AFFA-dan daha aşağı, təbiəti ot saxlamaq üçün əlverişsiz, əhalisi Azərbaycandan dəfələrlə az olan ölkələrdən lap yaxşı da futbolçu çıxır. Day demirəm ki, hamısı Kol Palmer, Lamin Yamaldırlar. Amma ən azından uğurlu legioner həyatı yaşayırlar, ölkələrini mübariz ruhda təmsil edirlər.
İkincisi, deyəcəksiz ki, digər ölkələrdə, məsələn, Gürcüstanda uşaq futbolu bizdən qat-qat üstündür. Düzdür, həmin ölkədən “Barselona”nın əfsanələri ilə matç keçirə biləcək qədər böyük futbolçular çıxıb, bizsə, Almaniya II Bundesliqası ilə öyünürük.
Amma bu, o demək deyil ki, Gürcüstan uşaq futbolunda da bizdən güclüdür. Şimal qonşumuzu aşağı yaş qruplarından ibarət komandalarla dəfələrlə məğlub etmişik. Hətta bir ara “Aqil Nəbiyev gürcüləri harda görsə, udur” fikri də geniş yayılmışdı.
Həmin Nəbiyev hazırda iki yaş qrupunun baş məşqçisi kimi çalışır. O, həm 16, həm də 17 yaşadək futbolçulardan ibarət millilərə rəhbərlik edir. Son 3 ay ərzində onun hər iki komandası Gürcüstanın müvafiq yaş qruplarından ibarət seçmələri ilə qarşılaşıb. Nəticələri bilirsiz? U-17 ilə qələbə (1:0), U-16 ilə heç-heçə - 1:1. Xal sistemi ilə düşünsək, mümkün 6 xaldan 4-nü Azərbaycan forması geyinən yeniyetmələr qazanıblar. Həmçinin həmin komandalar Qazaxıstan və Moldovanı da məğlub ediblər.
Amma illər sonra bizim uşaqlar Avropanın ikinci eşalonunun aşağı divizionlarında, gürcülər isə bəlkə də, dünya çempionatının qrup mərhələsində mübarizə aparacaqlar. Çünki həmin futbolçular 16-17 yaşdan sonra sirli bir aləmə qərq olurlar. Bir çoxunun idman həyatı bitir, bəziləri işıqlı gələcək vəd etdikləri halda milliyə dəvət almamağa başlayırlar. Məşqçilərin soyuq münasibəti, “onsuz da düzələn deyil” fikri ilə özlərinə əziyyət verməmələri, cavabdeh şəxslərin göz önündə olmaması, hardansa kiçik bir ümid işığı yanan kimi onu dərhal bağlamaları...
Aşağı yaş qruplarında rəqibləri məğlub edə biliriksə, demək bizdə futbol var. Amma ortada nəsə çatmır. Elə bil böyük bir boşluq mövcuddur. 17 yaşdan əsas milliyə keçid yerində iplər qırılır, əzm, istək, mübarizə hissi yoxa çıxır. İllərdir ki, vəziyyət belədir. Lakin buna bir əncam çəkən yoxdur. U-18, U-19 millilərimizin durumları dəhşətli dərəcədədir. Nə İlham Yadullayevin, nə də Elxan Abdullayevin komandası uğur əldə etməyi bacarmır. 17 yaşlılarda gördüyümüz ümid işıqları onların rəhbərliyi altında sönür. Nəbiyev futbolçunu yetişdirir, hazırlayır, göndərir yuxarı yaş qruplarına. Yuxarı yaş qrupunda isə həmin uşağı məhv edirlər. Sanki kiminsə uğur qazanmasından qorxurlar. Bəzən düşünürəm ki, bəlkə milli qələbə qazananda məşqçilərin maaşlarını kəsirlər, əks halda, əlinə hazır gələn heyət və futbolçuları necə belə duruma sala bilərlər ki?
İllərdir davam edən bu durumu federasiya özü də görür. Hər tsikldə eyni nəticələr, uğursuzluqlar, itib-batan istedadlar… Amma AFFA karuseli davam etdirir. Yəqin ki, ölkədə futbolun inkişafını istəmir. Azərbaycan futbolunun biabırçı vəziyyətdə olması bəzilərinə daha çox sərf edir.
İndi neyləyək, Nəbiyevi klonlayaq, bütün yaş qruplarına təyin edək? Hətta üzləşdiyimiz problemlərlə başa çıxa bilməyəndə də Aqil müəllimi çağıraq, gəlsin həll etsin. Mümkün olsa, Fernandu Santuşun da yerinə onun klonlarından birini göndərək. Adam aşağı yaş qruplarından ibarət milliləri təkbaşına ayaqüstdə saxlayır. Əsas yığmada da nəticəsi ən azından portuqaliyalıdan pis olmayacaq. Ölkə futbolundan cavabdeh şəxslər nə işlə məşğuldurlar, yoxsa ciddi şəkildə Nəbiyevi klonlamağı düşünürlər?