Azər Bağırov: "Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır"
24.10.2025 - 19:43
Azər Bağırov: "Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır"

"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox ağır  məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. "Qırmızı"dan sonra bütün oyun planımız pozuldu.

- Ötən tur 10 nəfər nəfərlə qalan "Şamaxı"nı məğlub etdiniz,  bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?

- Bəlkə də sual doğru deyil. Bu, futboldur. "Şamaxı"da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.

- İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?

- Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.

- Qışda  yeni qapıçı transferi gözlənilir?

- Hər şey ola bilər, düşünəcəyik.

- Qapıçı seçiminizdə xüsusi səbəb var idi?

- Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.