Azərbaycan millisi DÇ-2028-ə əsas mərhələdən başlayacaq
11.12.2025 - 13:13
Azərbaycan millisi DÇ-2028-ə əsas mərhələdən başlayacaq

Azərbaycanın futzal millisi DÇ-2028-ə əsas mərhələdən başlayacaq.

Apasport.az xəbər verir ki, 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə gələn ilin aprelində start veriləcək.

Sabah ilkin mərhələnin püşkü atılacaq. Azərbaycan millisi UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması komandaya mübarizəyə əsas mərhələdən başlayacaq 24 iştirakçıdan biri olmaq şansı yaradıb.

Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri evsahibliyi etmək hüququ qazanarsa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.

Avropa zonası üzrə seçimlər 5 mərhələdən ibarət olacaq: ilkin mərhələ (hər qrupda 4 komanda və oyunlar qrupda yer alan ölkələrdən birində keçiriləcək), əsas mərhələnin qrup oyunları (burada oyunlar ev-səfər prinsipi ilə keçiriləcək), əsas mərhələnin pley-off oyunları (ev-səfər prinsipi ilə keçirləcək oyunların qalibi davam etmək hüququ qazanacaq), elit-raundun qrup mərhələsi (qrupda yer alan komandalar ev-səfər şərti ilə qarşılaşacaqlar), elit-raundun pley-off oyunları (son 1 və ya 2 vəsiqənin sahibini müəyyənləşdirmək üçün ev-səfər prinsipi ilə keçiriləcək oyunların qalibi).

İlkin mərhələnin püşkatma mərasimi dekabrın 12-də, oyunları isə 2026-cı il aprelin 6-15-i aralığında baş tutacaq.

Əsas mərhələnin qrup oyunlarının püşkatması 2026-cı il mayın 19-da reallaşacaq. Qrup oyunları isə 2026-cı il 12-21 oktyabr, 2-11 noyabr, 6-9 dekabr və 2027-ci il 22 fevral – 3 mart aralığında keçiriləcək.

Əsas mərhələnin pley-off oyunlarının püşkatması 2027-ci il martın 3-də, pley-off oyunlarının keçirlmə tarixi isə 12-21 apreldə təşkil olunacaq.

Elit-raundun qrup mərhələsinin püşkü 2027-ci il mayın 20-də, oyunlar isə 6-15 sentyabr, 11-20 oktyabr və 13-22 dekabrda baş tutacaq.

Elit-raundun pley-off oyunlarının püşkatma mərasimi 2028-ci il yanvarın 20-də, qarşılaşmalar isə 10-19 apreldə keçiriləcək.

İlkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Oyunlar qrupda yer alan ölkələrdən birində mini-turnir formatında keçiriləcək. Onlardan qrup qalibi və bir və ya bir neçə ən yaxşı göstəriciyə malik 2-ci yeri tutmuş komanda əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələdən 12 komandanın əsas mərhələyə vəsiqə qazanmasından sonra ümumi iştirakçıların sayı 36 olacaq. Burada komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə sahib olacaq 2-ci yeri tutan 4 milli elit-raunda birbaşa yüksələcək. Qalan 8 qrup ikincisi pley-off oyunlarında iştirak edəcək. Püşkatmadan sonra cütlərin qalibi olacaq 4 milli də elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin həm qrup, həm də pley-off oyunları ev-səfər prinsipi ilə keçiriləcək.

Elit-raundda 20 komanda hər birində 4 yığma olmaqla 5 qrupa bölünəcək. Yekunda 5 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri arasında 4 ən yaxşı nəticəsi olan komanda pley-offda gücünü sınayacaq və onlardan 2-si final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, bu zaman pley-offda 4 yox, 2 ən yaxşı nətisəi olan qrup ikincisi iştirak edəcək və 1 komanda həlledici mərhələyə yüksələcək. Əsas mərhələdə olduğu kimi, burada da bütün oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

Qeyd edək ki, indiyə qədər ən çox dünya çempionu olan komanda Braziliya millisidir. Cənubi Amerika təmsilçisi 6 dəfə (1989, 1992, 1996, 2008, 2012, 2024) dünyanın ən güclü komandası adını qazanıb. İspaniya 2 (2000, 2004), Argentina (2016) və Portuqaliya (2021) isə hərəyə bir dəfə bu sevinci yaşayıblar.