Bakı çempionatında qaliblər bəlli olub
20.09.2026 - 16:22
Bakı çempionatında qaliblər bəlli olub

Kamandan oxatma üzrə Bakı şəhər çempionatı mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda U-15 və böyüklər kateqoriyalarında qaliblər müəyyənləşib.

U-15 oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov bürünc medal qazanıb. Qızlarda isə Banu Məmmədova birinci, Sona Rüstəmli ikinci, Məryəm İbrahimli üçüncü olub.

Böyüklər arasında kişilərin yarışında Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev bürünc medal əldə edib. Qadınlarda Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, U-15 idmançıları 40, böyüklər isə 70 metr məsafədən yarışıb. Qaliblərə medalları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Cəlil Əlizadə təqdim edib.