
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” (3:0) görüşündəki mübahisəli epizodlarını şərh edib.
Apasport.az xəbər verir ki, Bleker “Qarabağ” - “Araz-Naxçıvan” matçının 44-cü dəqiqəsində hakimin doğru qərar verdiyini bildirib:
44-cü dəqiqə
“Qarabağ”ın 7 nömrəli futbolçusu (Yassin Benzia) meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.
64-cü dəqiqə
Sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın 97 nömrəli futbolçusu (Felipe Santos) yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir.
75-ci dəqiqə
“Qarabağ”ın hücumu zamanı 15 nömrəli oyunçu (Leandro Andrade) cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın 34 nömrəli futbolçusunun (Urfan Abbasov) bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur.