
Misli Premyer Liqasının XXXI turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi götürəndə, bilirdik ki, bizi hansı təhlükə gözləyir. Bu çətin oyuna hazırlaşanda, rəqibin üstün cəhətlərini komandaya bildirmişdik. Heç-heçə oynadıq, yolumuza davam edirik".
- Bir xalı qənaətbəxş sayırsız? Meydanda azlıqda qalmışdız...
- Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. "Turan Tovuz" da rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi.
- Kubok oyununu düşünərək bu görüşdə nəsə dəyişiklik etmişdiz?
- Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir.
- Hakimliklə bağlı fikriniz necədir? Vanderson ilk səhvində bağışlanmadı, amma Faiq Hacıyevə qarşı yumşaq davrandılar...
- Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərardır, hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə... Hakimlər özü də deyir ki, ucuz sarı vərəqədir.
- Matçdan sonra Nuno Rodriqeslə danışığınız oldu. Onunla nə söhbət edirdiz?
- Oyuna çıxanda nə etməli olduğunu bildirmişdim. Verdiyim təlimatlarla bağlı danışdıq.
- "Qarabağ"la kubok görüşündən gözləntiniz nədir?
- Bizim üçün hər oyun önəmlidir. Bu oyunu unudubu, komandanı qarşıdakı matça hazırlayacağıq.