Fərid Qayıbov: "Azərbaycanda bunu bacaran digər idmançı tanımıram"
25.12.2024 - 11:41
Fərid Qayıbov: "Azərbaycanda bunu bacaran digər idmançı tanımıram"

"Hidayət Heydərov təqvim ilində həm Avropa, həm dünya, həm də olimpiya çempionluğunu qazandı. Azərbaycanda bunu bacaran digər idmançı tanımıram".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunları barədə bunları söyləyib: 

"Bu il iki qızıl mükafat əldə etməyimiz və ilk dəfə medal sıralamasında 30-cu olmağımız çox yaxşı nəticədir. Bütün ölkələr pandemiya dövrü keçib. Bəzi idmançılarımız karyeralarını bitiriblər. Yeni idmançılar üzə çıxmağa başladı. Onların yüksək səviyyəyə çatması üçün vaxt lazımdır. Biz həm də ilk dəfə olimpiadada 15 idman növündə təmsil olunurduq. Batut gimnastikasını xüsusi qeyd etmək istəyirəm. Hər dəfə bunu vurğulayıram. Düzgün iş getsə, nəticə qazanmaq olar. Mən də Azərbaycan Gimnastika Federasiyasında çalışmışam. Babut gimnastikası 2014-cü ildən inkişaf etməyə başladı. Həmin vaxt ölkəmizi Rusiyada böyümüş idmançı təmsil edirdi. Avropa Oyunlarında medalçımız da olmuşdu. Daha sonra azyaşlı uşaqları inkişaf etdirməyə başladıq. Həmin gimnastlardan biri, Selcan Mahsudova 10 ildən sonra olimpiadada mübarizə apardı. Bu idman növündə tarixçəsi olan bəzi ölkələr iki idmançı ilə təmsil olunurdulər. Yalnız 16 iştirakçı var idi. Bizim üçün böyük uğur idi. Cənab Prezident də vurğuladı ki, yeni idman növlərimizdə yaxşı nəticələrimiz var. 2024-cü ildə cüdoçumuz Hidayət Heydərovun (73 kq) nəticəsini xüsusi vurğulamaq istəyirəm. O, təqvim ilində Avropa, dünya və olimpiya çempionluğunu qazandı. Azərbaycanda bunu bacaran digər idmançı tanımıram. İnanıram ki, növbəti illərdə belə idmançılarımızın sayı çox olacaq".

0