Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FKSB matçından (2:3) sonra qonaqların müdafiəçisi Siyabonqa Nqezana apasport.az saytına müsahibə verib.
- Oyunla bağlı düşüncələrin… Çıxışınızdan razı qaldın?
- Çox güclü komandaya qarşı oynadıq. Bu cür klublarla görüşlər hər zaman ağır keçir. Liqadakı mövqeyimizi yaxşılaşdırmaq üçün qələbə mütləq idi. Bakıya 3 xal üçün gəlmişdik. Səfərdə oynamaq bizə əlavə çətinlik yaratdı. Buna baxmayaraq, qalib gəlməyi bacardıq.
- Səncə, hesab oyuna görə oldu?
- Futbolda hər şey mümkündür. Qalib də gələ bilərsən, uduza da. Amma təbii ki, qələbə daha önəmli idi. Matça çox istəkli çıxmışdıq. Elə bir görüş oldu ki, heç-heçə də qeydə alına bilərdi. Düşünürəm ki, hesab oyuna görə oldu.
- “Qarabağ” barədə düşüncələrin necədir?
- “Qarabağ” çox güclü komanda, yaxşı rəqibdir. Onlara qarşı oynamaq çətindir. İlk hissədə bizə çox çətinlik yaşatdılar. Amma özümüzə inanırdıq. Gözəl matç alındı.
- “Neftçi”nin transfer siyahısında olduğun söylənilir. Bu mövzu haqda nə deyə bilərsən?
- Bəli, bu barədə məlumatlıyam. Demək sizin də xəbəriniz var. Amma dediyiniz kimi, rəsmi heç nə yoxdur. Bu barədə söz-söhbətlər gəzir. Lakin “Neftçi” mənimlə əlaqəyə keçməyib. Bu səbəbdən konkret nəsə deyə bilmərəm.
- Bakını bəyəndin? Şəhərimizlə bağlı təəssüratların necədir?
- İlk dəfədir Bakıya gəlirdim. Şəhərinizi çox bəyəndim. Burdan xoş təəssüratlarla ayrılıram. İnsanlar, şəhərin arxitekturası xoşuma gəldi.
İsmayıl Xeyrullayev