“Qarabağ” bütün rəqiblərini məğlub etsə, çempionat maraqsız olar. Ona görə də rəqabətin olması müsbət haldır”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Mahir Şükürov deyib.
Veteran futbolçu “Qarabağ”ın “Sabah”a məğlubiyyətini yorğunluq amili ilə əlaqələndirib: “Sabah” təbii ki, “Qarabağ”a qarşı oyuna ciddi hazırlaşır. Ancaq indiki məqamda onu da nəzərə almaq lazımdır ki, “Qarabağ” eyni vaxtda həm çempionatda, həm Çempionlar Liqasında, həm də ölkə kubokunda mübarizə aparır. Bu isə müəyyən çətinliklər yaradır. Səbəb heyətin geniş olmamasıdır. Üç cəbhədə oynayanda istər-istəməz yorğunluq yaranır. Lakin bu kimi məqamlar “Qarabağ” üçün ciddi problem sayılmır. Hamı bilir ki, mövsümün sonunda yenə də Ağdam klubu çempion adını qazanacaq. Ümumilikdə götürdükdə, “Qarabağ”ın “Sabah”a uduzması böyük əhəmiyyət kəsb etmir”.
Şükürov “Sabah”ın növbəti oyunu barədə də fikirlərini bölüşüb: “Məncə, “Sabah” üçün “Sumqayıt” səfəri də asan olmayacaq. “Gənclik şəhəri”nin təmsilçisi yaxşı təşkilatlanmış komandadır. Ona görə də əsas məsələ mövsümün sonudur. “Qış çempionu”nun kim olmasının heç bir əhəmiyyəti yoxdur. “Neftçi”də oynadığım dövrdə qış fasiləsinə 4-cü yerdə yollanmışdıq. Lakin mövsümün sonuna bir tur qalmışa qədər lider mövqeyində idik. Son anda keçmiş “AZAL” komandasına “Şəfa” stadionunda məğlub olduq və çempionluğu əldən verdik. Həmin vaxt hamı deyirdi ki, “Neftçi” qış fasiləsindən sonra özünə gələ bilməyəcək. Halbuki biz ardıcıl 8 qələbə qazandıq. “Qış çempionluğu” məsələsi sadəcə intriqa baxımından maraqlıdır. Hamımız bilirik ki, hazırda “Qarabağ”a tay olan rəqib yoxdur”.
O, Qurban Qurbanovla bağlı səsləndirilən müqayisələrə də münasibət bildirib: “Vallah, mən onu heç tanımıram. Mühəndisi Qurban Qurbanovla müqayisə etmək düzgün deyil. Qurban Qurbanovun özünəməxsus dəsti-xətti var və bunu məşqçi kimi artıq dünyaya sübut edib. “Lester Siti”nin 2015–2016 mövsümündə çempionluğunu xatırlayın. Bu, böyük sensasiya idi. Belə müqayisələr futbola yaraşmır və haqsızlıqdır. Qurban Qurbanovun Azərbaycanda məşqçi kimi tayı-bərabəri yoxdur. Dambrauskas çalışa bilər ki, Qurban müəllimə çatsın, amma bu mümkün deyil. Ona görə də nə qədər öz komandası ilə məşğul olsa, bir o qədər yaxşı olar”.