Kurban Berdıyev: “Vacib qələbə qazandıq”
06.09.2026 - 22:32
Kurban Berdıyev: “Vacib qələbə qazandıq”

Misli Premyer Liqasının IV turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) matçından sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:

"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik".

- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?
Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?  
Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.