Azərbaycan millisinin sabiq üzvü, vaxtilə “Sumqayıt”, “İnter”(indiki “Şamaxı”), “Qəbələ”, “Neftçi”, “Sabah” və “Səbail” klublarında oynamış Məhəmməd Mirzəbəyov apasport.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğulsan? Aktiv futbolçu karyeranı başa vurmusan?
- İndi uşaqları məşq etdirirəm. Yavaş-yavaş məşqçiliyi öyrənirəm. Bəzən formada qalmaq üçün futbol oynayıram. Hər şey yaxşıdır.
- Sənə son illərdə Azərbaycan klublarından təklif olmamışdı? Səncə, karyeranı erkən başa vurdun?
- Son bir ildə belə təkliflər olmayıb. Düzü, bunu söyləmək çətindir ki, karyeramı tez, yoxsa gec başa vurdum. Düşünürəm ki, daha bir-iki il oynaya bilərdim. Yəqin ki, komandaların yeni və gənc oyunçulara ehtiyacı var idi. Ona görə də, heç bir seçim yox idi.
- Azərbaycan futbolunu, Azərbaycan Premyer Liqasını izləyirsən? Səncə, Azərbaycan çempionatı indi daha keyfiyyətlidir?
- Bəli, əlbəttə ki, izləyirəm. Hər turun icmallarını mütəmadi olaraq izləyirəm. Mənə elə gəlir ki, əvvəlki illərdə çempionat yüksək səviyyəli keçirdi. Çünki əvvəllər liqada güclü komandalar çox idi. Amma “Qarabağ”ın rəqabət aparacağı komanda yoxdur. “Qarabağ” həmişə olduğu kimi, rəqabətdən kənarda, öz keyfiyyətini nümayiş etdirir. Avropa səviyyəsində öz ölkəsini təmsil edir. Özü də, layiqli şəkildə oynayırlar.
- "Qarabağ"ın hegemon kimi qalması, lider olması yəqin ki, sənin üçün gözlənilməz deyil? Səncə, niyə heç bir komanda onların hegemonluğuna son qoya bilmir?
- Çünki uzun illərdir hər şey ən xırda təfərrüatlarına qədər açıq şəkildə qurulub. “Qarabağ”ın digər komandalardan fərqli olaraq belə səviyyə və üstünlük nümayiş etdirməsinin səbəbkarı Qurban Qurbanovdur və bu, bir günlük iş deyil. Çünki bəzi klubların pulu var. Amma rəqabət təkcə puldan ibarət deyil. Puldan düzgün istifadə etmək lazımdır.
- "Qəbələ" hazırda birinci liqada çıxış edir. Bu cür güclü və iddialı klubun hazırda aşağı liqada yer almasını necə qarşılayırsan?
- “Qəbələ” kimi klubu Birinci Liqada görmək təbii ki, üzücüdür. Mən oynadığım bütün komandaların ən yaxşı durumda olmasını istəyirəm. Ümid edirəm ki, “Qəbələ” Kaxaber Tsxadadze kimi məşqçi ilə elitaya yüksələcək. İnanıram ki, onlar uğur qazanacaqlar.
- “Neftçi”də də oynamısan. Sən oynadığın vaxtda "Neftçi" üst pillələrdə idi. İndi isə komanda Premyer Liqada turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Bu haqda fikrin necədir?
- “Neftçi” Azərbaycanda böyük klubdur və hamı onun ən azından “Qarabağ”la rəqabət aparacağını gözləyir. Amma təəssüf ki, turnir cədvəlinin son pillələrində qərarlaşıblar. Ümidvaram ki, mövsümün ikinci hissəsində maksimum xallar toplayarlar və ən azından ilk “üçlüy”ə daha da yaxınlaşarlar.