Muarem Muarem: "Bu, "Qarabağ" üçün yaxşı təcrübə oldu"
30.01.2025 - 16:55
Muarem Muarem: "Bu, "Qarabağ" üçün yaxşı təcrübə oldu"

“Qarabağ”ın sabiq futbolçusu, komandanın ilk dəfə Avropa Liqasında qrup mərhələsinə düşməsinin səbəbkarı Muarem Muarem apasport.az saytına müsahibə verib.

- "Qarabağ" Avropa Liqasının 7-ci turunda FKSB-yə qarşı keçirilmiş matçda 2:3 uduzdu. Bu mövsüm "Qarabağ" evdəki bütün oyunları uduzdu. Səncə, onlar nəyə görə bu qədər uğursuz oldu?
- Bu mövsüm Avropada sistem yeni idi. Hətta biz gördük ki, adlı-sanlı komandalar da Çempionlar Liqasında çətinlik çəkdilər. Tək matç oynanıldığı üçün belədir. Hər komanda bir oyun üçün yaxşı hazırlaşa bilir. Evdə və səfərdə oynamasına baxmayaraq, hər bir komanda maksimum xal qazanmağa çalışır. Məncə, bu, "Qarabağ" üçün yaxşı təcrübə oldu. Yeni sezondan çox daha yaxşı hazırlaşıb, keyfiyyətli matçlar ortaya qoyacaqlar. Buna çox inanıram.

- "Qarabağ" FKSB ilə oyunda 4 kornerdən 3-nü qapısında qol kimi gördü...
- Futbolda bu cür şeylər çox normaldır. Bəzən oyuna çox yaxşı hazırlaşırsan, rəqibi analiz edirsən. Amma analiz etdiyin yerdən də qol buraxırsan. Təbii ki, kornerdən vurulan qollarla matçı uduzmaq bəzən çox üzücü olur. Standart vəziyyətlərə çox yaxşı hazırlaşa bilərsən. Amma dediyim kimi, futbolda belə şeylər olur. Sadəcə daha çox diqqətli olmaq lazımdır. Xüsusilə də, avrokubok matçlarında və daha yaxşı komandalara qarşı görüşlərdə. Çünki bunun geridönüşü olmur. Mən “Qarabağ”da oynadığım dönəmdə də bu cür qollar buraxdığımız olmuşdu.

- Qarabağ" ötən mövsüm çox yaxşı çıxış etmişdi, hətta "Bayer"i (Leverkuzen) sıradan çıxaracaqdı. Amma bu mövsüm o qədər uğurlu olmadı....
- Bəli, “Bayer”lə görüşləri izləmişdim. Həqiqətən, hər iki oyunda da bəxtimiz gətirmədi. Hər iki görüşü də 10 nəfərlə bitirməyə məcbur qaldılar. Əgər “Qarabağ” avrokuboklara vəsiqə qazanmırsa, məhz o zaman uğursuz olduğunu deyə bilərik. Yox, avrkuboklarda oynayırlarsa, bunu uğur kimi görmək lazımdır. Çünki hər zaman hər rəqibə qarşı qalib gələ bilməzsən. Bəzən heç də güclü hesab etmədiyin rəqibə də uduza bilirsən. Ya da, tam əksi. Çox çətin rəqib olduğunu düşünürsən, amma matçı qalib başa vurursan. “Qarabağ” avrokuboklara çıxırsa, hər zaman uğurludur. Başqa cür yanaşmaq doğru olmazdı.

- Təmsilçimiz son matçını "Olimpiakos"a qarşı oynayacaq. Necə düşünürsən, "Qarabağ" Pireydə qalib gələ biləcək? İki il əvvəl "Qarabağ" bu rəqibini 3:0 məğlub etmişdi...
- Təbii ki, “Qarabağ”ın “Olimpiakos”a qarşı oyunu çox çətin olacaq. “Olimpiakos” yaxşı rəqibdir, evdəki matçları çox fərqli atmosferdə oynayırlar. Doğrudur, “Qarabağ” son görüşdə “Olimpiakos”a 3:0 qalib gəlmişdi. Amma indi çox daha fərqli matç olacağını düşünürəm. “Olimpiakos”un bu matçdakı şansları daha çoxdur. 

- "Qarabağ"ın yeni mövsüm avrokuboklarda yenidən effektiv olacağına inanırsan? Səncə, yeni transferlərə çox ehtiyac var?
- Təbii ki, uğursuz sezondan sonra Avropada hər zaman yeni oyunçu transfer etmək planları qurulur. Rəqabəti artırmaq lazımdır ki, futbolçuların performansı da artsın. Kimsə özünün mütləq oynayacağını düşünməməlidir. Əminəm ki, bu yöndə addımlar atılacaq. Yeni mövsümdə Avropada daha uğurlu olmaq üçün keyfiyyətli oyunçular transfer etmək məcburiyyətindədilər.

0