“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem apasport.az saytına müsahibə verib.
- Son dəfə Şimali Makedoniyada "Qostivar" klubuna rəhbərlik edirdiniz. Bu klubun baş məşqçi postundan ayrıldıqdan sonra klubsuzsunuz. Niyə orada qalmadınız?
- Bəli, "Qostivar" komandasındaydım. Əsas məşqçi olaraq klub rəhbəri ilə bəzi uyğun gəlməyən məsələlər oldu. Mən də öz korpusumla bərabər bu cür şərtlər altında çalışmaq istəmədiyimi onlara demişdim. Ona görə də istefa verdik. İndi bəzi təkliflərə baxırıq. Yanvarda bəzi variantların çıxacağına ümid edirik. Bu işi davam etdirmək istəyirik. Çünki uğurlu olacağımızdan əminik.
- Komandanızda keçmiş "Fənərbaxça"lılar, Azərbaycan Premyer Liqasında oynamış oyunçu da var. Elvis Maşike ilə Azərbaycan futbolu haqda heç danışırdınız?
- Biz "Qostivar"da çox yaxşı komanda qurmuşduq. "Fənərbaxça"da, Azərbaycanda oynayan, Avropanın başqa klublarının formasını geyinmiş futbolçularla müqavilə imzaladıq. Çox uğurlu dönəm keçirdik. Bu komandanın onsuz da çempionluğa oynayacağına inanırdıq. İndi də komanda liderdən iki xal geridədir. Elvis Maşikeyə gəlincə, onu komandada görməyi mən istəyirdim. Bizim liqaya uyğun futbolçudur. Sadəcə zamana ehtiyacı var idi. Uğurlu olacağını düşünürəm. Bəli, onunla Azərbaycan, Bakı haqda danışırdıq. Hər zaman görüşəndə mənə Azərbaycan dilində salam verirdi. Mən də ona "necəsən qaqa" deyə, cavab verirdim, ikimiz də gülürdük. Azərbaycan futbolundan tez-tez danışardıq, mənim oynadığım dönəmdən də söhbətlərimiz çox olurdu.
- Heç Azərbaycanda çalışmaq planınız var? "Qarabağ"da Qurban Qurbanovun məşqçilər korpusundan çalışmaq istəyərdin, yoxsa baş məşqçi kimi fəaliyyətinə davam etmək istəyirsən?
- Təbii ki, Azərbaycan futbolunda çalışmaq istəyərdim. Azərbaycan futbolunu da izləyirəm. Oranı çox yaxşı tanıdığımı, bildiyimi düşünürəm. Qurban hocanın yanında çalışmağı isə kim istəməz? Təbii ki, bu cür insandan, bu cür məşqçidən çox şey öyrənmişəm. Hələ də öyrənə bilərəm. Mən baş məşqçiliyə yeni-yeni başlamışam. Mənim üçün indi önəmli olan çox çalışmaq, çox öyrənməkdir. Bu mənada, indiki dönəmdə əsas baş məşqçi, yoxsa məşqçi kimi çalışmaq o qədər önəmli deyil.
- Azərbaycan Premyer Liqasını yəqin ki, izləyirsən. "Qarabağ" hegemonluğuna davam edir. Çempionluq mübarizəsində "Neftçi"nin olmaması "Qarabağ"ın özünə də təsir edir?
- Bəli, Azərbaycan Premyer Liqasını izləyirəm. "Qarabağ"ın matçlarına da diqqətlə baxıram. Bu il "Turan Tovuz" və "Araz-Naxçıvan" kimi komandalar çox yaxşı irəliləyir. Kaş ki, "Neftçi" və bir başqa komanda da yaxşı irəliləyərdi. Liqanın səviyyəsi yüksəlsə, çox daha yaxşı olacağını düşünürəm. "Neftçi"nin yaxşı olması təbii ki, "Qarabağ"ın çempionluq mübarizəsində tək namizəd olmaması deməkdir. Amma bu durumda çempion olmaq ehtimalı sadəcə "Qarabağ"da görünür.
- "Qarabağ" bu mövsüm də Avropa Liqasında çıxış edir. Amma cəmi bir oyunda qələbə qazana biliblər. "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı performansını necə dəyərləndirirsən?
- Bu mövsüm Avropada çox fərqli sistem var. Hər komanda oyunlara fərqli hazırlanır. Çünki bir komanda ilə bir dəfə qarşılaşırsan. Komandalar gücünü bir matça sərf etməyə çalışırlar. Hər dəfə fərqli komanda ilə qarşılaşanda da oyunlar çətinləşir. "Qarabağ" üçün bu çox əla təcrübə olur. Yeni sezon üçün daha yaxşı və daha güclü komanda olacaqlarını düşünürəm.
- Sabiq komandanızı qarşıda iki matç gözləyir - FKSB və "Olimpiakos"a qarşı. Bu görüşlərdə "Qarabağ"ın qələbə qazanmaq şanslarını necə qiymətləndirirsən? Səncə, "Qarabağ" hər iki oyunda da qalib gələrək pley-off mərhələsinə düşə biləcək?
- "Qarabağ" hər rəqibə qarşı oynamağı bacaran komandadır. Bunu Avropada indiyə qədər bir neçə dəfə göstərib. Futbolda artıq favorit komanda yoxdur. "Qarabağ"ın həm FKSB, həm də "Olimpiakos"la görüşlərdən ən yaxşı şəkildə ayrılacağını düşünürəm. "Qarabağ"a uğurlar arzulayıram.
- Tez-tez "Qarabağ"ın hansı mövsümdə ən güclü heyətə malik olması müzakirə edilir, müqayisələr aparılır. Səncə, sizin vaxtkı heyət güclü idi, yoxsa indiki? Çünki bir müddət əvvəl "Qarabağ" Kadini böyük təzminat qarşılığında "Krasnodar"a satdı, indi isə Juninyonu "Sevilya"ya sata bilər. Sizin vaxtda belə transferlər olmurdu...
- Məncə, hər dönəmdə "Qarabağ"dakı oyunçular yaxşı idilər. Mənim oynadığım vaxtda da Reynaldonu yaxşı komandalar istəyirdilər. Sadəcə satılmamışdı, getməmişdi. "Qarabağ"da qalmışdı. Bu dönəmdə isə klubun siyasəti fərqlidir və başqa komandalardan istənilən oyunçuları satmaq istəyirlər. O da gözəl birşeydir. Önəmli olan odur ki, yaxşı futbolçular Azərbaycan klublarına gəlsinlər, Avropada uğurlu olsunlar. Həm komandaların uğuru, həm də satış baxımından.