“Şamaxı”nın albaniyalı futbolçusu Belajdi Pusi apasport.az saytına müsahibə verib.
- “Şamaxı” “Sabah”la matçda qələbə qazanmağı bacardı. Oyundan öncə 3 xalı qazana biləcəyinizi ehtimal edirdin? Çünki komanda uzun müddət idi ki, qalib gələ bilmirdi….
- Hər oyunda qalib gəlməyə çalışırdıq. Lakin bəzən istədiyimizi ala bilmirik. Əhval-ruhiyyəmizin yüksəlməsi üçün çox vacib oyun idi. Son 4 matçı yaxşı səviyyədə keçirmişdik. 2024-cü ili gözəl qələbə ilə başa vurmağa layiq idik. Şadam ki, “Sabah”la görüşdə qələbə qazandıq və ili əla əhval-ruhiyyədə başa vurduq.
- Səncə, nəyə görə bu qədər uzun müddət idi qələbə qazana bilmirdiniz? Sizə mane olan nə idi?
- Doğrudur, bəzi eniş-yoxuşlarımız oldu. Amma yeni komanda üçün normaldır. Gələn il daha yaxşı komanda görəcəksiniz. Buna əminəm. Biz yeni komanda olsaq da, yaxşı oyunlar keçirdik.
- “Sabah”la görüşdə ikinci qolu sən vurdun. Ümumiyyətlə, “Şamaxı”da öz oyununu tapa bilmisən? Öz performansından tam razısan?
- Bütün matçlarda olduğu kimi “Sabah”la oyunda da komandama kömək etməyə çalışdım. Normalda özümdən daha çox şey gözləyirəm. Çünki futbolda hər zaman öyrənmək olar. Hər gün daha da yaxşı olmaq istəyirəm. Bunun üçün də məşq edirəm. Şadam ki, “Sabah”la görüşdə qol vurdum və komandamın qələbəsində pay sahibi oldum.
- Mövsümün ilk yarısı artıq başa çatdı. “Şamaxı” üçün necə alındı? Komanda maksimumunu göstərdi, yoxsa daha yaxşı ola bilərdi?
- Dediyim kimi, yeni komandada bəzi eniş-yoxuşlar olması normaldır. Amma düşünürəm ki, yaxşı oyunlar oynamışıq. Bəzən yaxşı nəticələr əldə edə bilmədik. Halbuki xal və ya xallara layiq idik. Lakin hər oyunda yaxşı mübarizə aparmışıq.
- Hazırda komanda 7-ci pillədə qərarlaşıb. Premyer Liqada qalacağınıza əminsən? Elitanı tərk etmək təhlükəsini hiss edirsən?
- Qarşıda oyunlar çoxdur. Rəqibləri təzyiqsiz tək-tək qəbul etməliyik. Hər oyunda mübarizə aparmalıyıq. Bu cür də edəcəyik.
- “Şamaxı” Kantariya və Adil Nağıyevlə yollarını ayırıb. Bu mövzular komandaya necə təsir etmişdi?
- Komandada olmayan oyunçular haqqında danışmağı xoşlamıram. Vacib olan bir ailə kimi oynamaq və qazanmaq üçün hər şeyi verməkdir. Biz də bunu edirik.
- Qışdan sonra da “Şamaxı”da qalacaqsan? Yoxsa, yeni təkliflərin var?
- “Şamaxı” ilə müqaviləm var. Özümü bu klubda xoşbəxt hiss edirəm. Hər hansı təklif gəlsə, gələcəyim üçün klub qərar verəcək. İndi bu komandanın qarşıdakı matçlarına fokuslanmışam.