“Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
23.03.2025 - 15:10
“Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”

"Yaponiyadakı müqaviləm başa çatdıqdan sonra "Neftçi"yə qayıtmağa cəhd edirdim, amma onlar mənə yox cavabını vermişdi"

“Neftçi”nin sabiq futbolçusu Kaue Da Silva Apasport.az saytına müsahibə verib.

Hazırda Braziliyada “Federiçense” klubunda oynayan yarımmüdafiəçi Azərbaycandakı karyerasını xatırlayıb.

- İnternet portallarına inansaq, hazırda Braziliyada “Federiçense”də oynayırsan. İndiki karyerandan razısan?
- Xeyr, mən o klubda deyiləm. Ümumiyyətlə, mən həmin klubda cəmi 25 gün oldum. Amma sonradan oradan ayrıldım. İndi isə artıq oynamıram. 

- Maraqlıdır, son illərdə Azərbaycan klublarından təklif almışdın? Əgər belədirsə, niyə Azərbaycana qayıtmadın?
- Xeyr, Azərbaycan klublarından təklif almamışdım. Ama özüm bunu istəyərdim. Sizə düzünü deyim, Yaponiyadakı müqaviləm başa çatdıqdan sonra 2022-ci ilin sonunda “Neftçi”yə qayıtmağa cəhd edirdim. Amma onlar mənə yox cavabını vermişdi. Yoxsa, mən özüm yenidən “Neftçi”də oynamağı çox istəyərdim. Həmin vaxtı “Niyaqata”da oynayırdım.

- “Neftçi”də 2 il oynamısan. Niyə bu komandada daha çox qalmadın? Daha uzun müddət “Neftçi”də oynamaq imkanın olmuşdu?
- O vaxtlar getmək üçün təzyiq hiss edirdim. Çünki onlar maaşımı eyni saxlamaq üçün pulları olmadığını dedikləri bildirmişdilər. Ona görə də “Neftçi”dən ayrılmaq qərarına gəldim. “Hapoel Tel-Əviv”ə keçdim. 

- “Neftçi”də komandanın əsas oyunçularından hesab olunurdun. Ümumiyyətlə, “Neftçi”nin heyətində ən çox hansı matçı xatırlayırsan? 
- Bəli, “Neftçi”dəki vaxtlarımı yaxşı xatırlayıram. Hər an gözümün qarşısındadır. Məncə, ən yaxşı oyunumuz “Partizan”a qarşı 2:3 uduzduğumuz görüş idi. Həqiqətən də çox çılğın, emosional oyun olmuşdu. Həmin görüşü çox yaxşı xatırlayıram. 

- “Neftçi”nin hazırkı oyunlarını izləyirsən?Hazırda “Neftçi” çempionluq mübarizəsində deyil. Bu komanda uzun müddətdir ki, gözlənilən nəticəni göstərə bilmir...
- Əlbəttə ki, mən indi də “Neftçi”ni izləyirəm. Düşünürəm ki, mən orada olduğum müddətdə də problemimiz baza məsələsi idi. Məsələn, oyunçuların bir yerə toplanması, məşqçi, futbolçular, təşkilatçılıq. “Neftçi”də dəyişikliklər çox olur. Fikrimcə, əsas problemlərdən biri də “Neftçi”dəki çoxlu sayda dəyişikliklərin olmasındadır. 

- “Neftçi” hazırda birinci yerdə olan “Qarabağ”dan 33 xal geri qalır. “Qarabağ” Azərbaycana hakimdir. “Neftçi”nin əsas rəqibindən bu qədər geri qalması haqda nə düşünürsünüz?
- Bilirsiz, “Qarabağ”ın oyun stili, iş üslubu var.  Onlar tez-tez dəyişikliyə getmirlər. Qurban Qurbanovla birlikdə işə yanaşmanı tapıblar. Bundan sonra daha peşəkar olaraq, öz futbollarını da inkişaf etdiriblər. Komandanın bu durumda olması təbii ki, illərdir görülən işlərin nəticəsidir.

- “Neftçi”nin heyətində yer alan braziliyalıları tanıyırsan, onlarla münasibətin var? Yuri Matias (“Amerika”), Aleks Fernandes (“Santos”) haqda məlumatlısan? 
- “Neftçi” mənə dəvət etsə, gələ bilərəm. Hazırda menecer/vasitəçi kimi çalışıram. Mövsümün əvvəlində ora bir oyunçu göndərməyə çalışmışdım. Çünki “Neftçi”ni, Azərbaycanı, oradakı futbolu, onların inkişafı üçün nəyə ehtiyacı olduğunu yaxşı bilirəm. 

- “Neftçi”nin oyununu stadiondan canlı izləmək üçün yenidən Bakıya gəlmək istəyirsiniz?
- Ümidvaram ki, Bakıya qayıdacam. Mən Bakını və orada insanları çox sevirəm. Özümü Azərbaycanda çox xoşbəxt hiss etmişəm. Yenidən “Neftçi”ni canlı izləmək istəyərdim.