"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Yanis Stoyka ilə yaxından maraqlanır.
Azərbaycan çempionu Juninyonun gedişindən sonra boş qalan hücumçu mövqeyini "Hermanştadt"ın vingeri ilə doldurmaq niyyətindədir.
Klub futbolçunu satmağın əleyhinə deyil. Sibiu təmsilçisi oyunçusu üçün 1,5 milyon avro tələb edir.
Onun "Qarabağ"a mümkün transferini Stoykanın meneceri də təsdiqləyib. Marius Maldaraşanu bu barədə Rumıniya mətbuatına açıqlama verib:
"Bəli, hazırda Stoykanın xidmətində "Qarabağ", Buxarest və Kiyev "Dinamo"ları maraqlıdır. Yanis üçün tələb olunan məbləğ doğrudur. O, bu qiyməti haqq edir. Çox yaxşı hücumçudur və bitiricilik qabiliyyəti yüksəkdir.
Bilirəm ki, Rumıniyada heç bir klub onun üçün 1,5 milyon avro ödəyən deyil. Bu səbəbdən Stoykanın tək çarəsi ölkə xaricinə yollanmaqdır. Hazırda təkliflər müzakirə mərhələsindədir".
Həmçinin klubun prezidenti Daniel Nikulae də bu barədə fikirlərini bildirib. O, "Hermanştadt"ın mətbuat xidmətinə açıqlamasında futbolçunu tələb olunan məbləğə satmağa hazır olduqlarını vurğulayıb.
Əlavə edək ki, Yanis Rumıniya U-21 millisinin də üzvüdür.
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo "Flamenqo"ya transfer olunacaq.