Qəzənfər Abbasov: "Legioner transferimiz baş tutmadı"
31.01.2025 - 18:36
Qəzənfər Abbasov: "Legioner transferimiz baş tutmadı"

“Bildiyiniz kimi, biz ordu klubuyuq. Bugünkü qələbəmizin memarı olan futbolçular bizim şanlı ordumuzun bir parçası olduqlarını sübut etdilər. Qələbəmizi ordumuza həsr edirik”. 

Bu sözləri apasport.az saytına açıqlamasında Qəzənfər Abbasov deyib.

MOİK-in baş məşqçisi “İmişli” ilə matçı dəyərləndirib: “Oyun istədiyimiz kimi başlamadı. Görüş ərzində rəqib iki dəfə hesabda önə keçdi. Buna baxmayaraq, futbolçularım özlərində güc tapdılar və məğlub olmadılar. Mən bu qələbəyə görə onlara yalnız minnətdarlığımı bildirirəm. Komandam bu gün həqiqətən meydanda can qoydu. Görüşə əsas heyətdə başlayan futbolçular pis çıxış etmədilər. Meydana girən və çıxan bütün oyunçular eyni səviyyəli oyunçulardırlar. Ümumiyyətlə komanda olaraq bu gün “dəmir yumruq” olduq”. 

Mütəxəssis qış fasiləsini dəyərləndirib: “Bildiyiniz kimi, məşqlərimizi Sumqayıtda keçirdik. Qış fasiləsini orda tamamladıq. Fasilə zamanı 4 yoldaşlıq görüşü oynadıq. Onlardan biri Premyer Liqa, ikisi I Liqa, sonuncusu isə II Liqa komandası oldu. Bu matçlar inkişafımız üçün önəmli dərəcədə yardımçı oldu. Mən inanıram ki, qələbə davamlı olacaq. Heyətimizə legioner futbolçu da qoşulmalı idi. Lakin transfer baş tutmadı. Sentyabrda heyətimizə qoşulan legionerimiz isə sənəd probleminə görə ölkəsinə yollanıb. Yaxın zamanda geri qayıdacaq”.

Qeyd edək ki, I Liqanın XII turunun MOİK – “İmişli” matçı ordu klubunun qələbəsi ilə nəticələnib – 4:3.

İsmayıl Xeyrullayev

0