Misli Premyer Liqasının XIX turunun “Qarabağ” - “Şamaxı” matçından (3:2) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Çatışmazlıqlarımız çox idi. Bugünkü matçdan sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə olundu. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Öz oyununu get-gedə daha da təkmilləşirib. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz də belə bizə havada dəstək oldular. Onlara təşəkkür edirəm".
- "Qarabağ"ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?
- "Şamaxı"nın özünəxas oyun üslubu var. Sadəcə məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsid qollar buraxmaq olmaz. Bu oyun üslubunu "Şamaxı" yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Bu, məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Daha ciddi, oyunun gedişatında diqqətli olmalıyıq.
- Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiz. Premyer Liqa matçlarında da belə olacaq?
- Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Masumov var. Son bir ay idi komanda ilə məşq edirdi. Baxacağıq. Görsək ki, o sürətə dözmə qabiliyyətləri var, onda bu barədə düşünəcəyik.
- Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul FKSB ilə oyunda oynaya bilər, yoxsa planlar başqadır?
- Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtiamalı var. Bəzən rəqibə görə də heyəti formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma baxacağıq.
- Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Heç onu ən azında yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?
- Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.
- "Qarabağ" hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin qərarını gözləyirsiz, yoxsa anlaşmamısız?
- Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyəti yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Heyətdə bəzi rotasiyalar edirdik. Ən azından bu ay 15 günə 5 oyunumuz var. Düzgün rotasiya etmək imkanımız olsa, problem yaşaya bilər. Transfer xətrinə də transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.
Yassin Benzianın mövqeyində kimi görəcəyik?
Andrade də Zubir də ola bilər. Rəqibdən asılıdır. Edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.
- FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?
- Ağır komandadır. Çox intizamlı oyun üslubları var. meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Çox yaxşı bacarırlar. Fiziki bərk komandadır. Asan kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə çox təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.
- Mediada bəzi futbolçuların "Qarabağ"la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?
- Tam məlumatlı deyiləm. Aftandil Hacıyev ordadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orda da yaxşı kollektiv formalaşdırmaq istəyir. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.
- Gələcək həftə İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiz?
- İnanın ki, çox istəyərəm ətraflı danışım, sizinlə Azərbaycan futbolu haqda danışaq. Əgər bu qərar bugünkü gündə qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayısa, sizə fikir bildirməyəcəm.
- Strategiya açıqlandıqdan sonra deyəcəkdiz ki, filan təklifi mən vermişdim?
- Özüm təklif verməmişəm. Ümumi diskussiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.
- Orada futboldan başı çıxan iki nəfər var...
- Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orda oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Belə qayda yoxdur ki, istənilən qərarı qəbul etdikdə müsbət, ya mənfi qərar verir. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyyəm odur ki, istənilən şəxsə, sahəyə, ələxüsus da mediada bildiriləsi fikrə hörmətlə yanaşaq.
- Fasilə müddətində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?
- Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı.