Qurban Qurbanov: "Tək biz şikayət etmirik"
31.10.2025 - 19:55
Qurban Qurbanov: "Tək biz şikayət etmirik"

Misli Premyer Liqasının X turunun "Qarabağ" - "İmişli" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razı oldular. Matçdan əvvəl də ona təşəkkürmü bildirdim. Sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu. Penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topdan daha tez oynamağa başladıq. Sonda qələbə oldu. Çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Oyundan-oyuna görünür ki, hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasında mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar. Qısa vaxtda yaxşı təşkilatlanmış komandadır".

- Komandanın formasını tam bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?
- Hər bir oyunçunun daha çox oynamağa ehtiyacı var. 60 dəqiqə bəzi oyunçular üçün belə matçlar öncəsi azdır. Oyun da pis getmirdi. Matçın gedişatına görə də etdik. Kamilo Duran da çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi də, belə oyunöncəsi ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Qarşıdakı pressinqi saxlamaq üçün əvəzetmə etdik.

- Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?
- Tətbiq edəcəyim bir şey yoxdur. Yenilik də yoxdur. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onun yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə beşli müdafiə ilə oynayır deyə, onu yarmaq çətindir. Tək biz şikayət etmirik. Biz daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

- "Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə 2-ci liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz? 
- Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm ki, ulduz futbolçuları 1-2 ay əvvəl əldə etmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçlar indi razılaşdığı qiymətə də razılaşmır. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. İndi hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmirik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğlər təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə oynayır. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

- "Neftçi"nin hücum xəttindən çəkinmirsiz?
- Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, əlavə məsuliyyət olacaq. Azarkeşlər sevinsin ki, belə ulduz futbolçular görəcəklər. 

- Coni Montiel debüt etdi. Onun haqda fikriniz necədir?
- Onun motivasiya üçün meydana buraxdım. Onu heç meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün heyətdə olsun. O, hələ matça çıxmağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Onun işinə heyfim gəldi. Vaxt lazımdır ona.

- Nəriman Axundzadənin 60-70 dəqiqə oynamağa fiziki durumu imkan verir?
- Var. Keçən oyun da oynadı. Start heyətində olmaq imkanı var. Analiz edəcəyik. Fiziki durmu elədir ki, 90 dəqiqə meydanda ola bilər.

-"Çelsi" ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?
- Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. Dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə motivasiya verir. 

- "Çelsi" ilə oyun üçün hamı bilet axtarır, amma "İmişli" görüşdə stadion boşdur. Bu sizi üzür?
- Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun, stadionun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. O çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. "Atletik"lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verdilər. Dayanmadılar, 90 dəqiqə motivasiya verdilər. Bizə basqı edirlər. Bəzi oyunlarımızda biz 3-4 min azarkeş görəndə, "Neftçi", "Sabah", "Zirə" ilə oyunlarda sevinirik, futbolçular sevinir ki, nə qədər azarkeş var. Azarkeşsiz futbol keyfiyətsiz görünür. Keyfiyyəti qaldırmaq üçün səbəblər varsa, onlardan biri azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunlarımıza gəlsinlər. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Qarşıdakı illərdə olar. 

- Kontenin "Çelsi"si daha təhlükəlidir, yoxsa Marezkanın?
- Fərqli məşqçilərdir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün "Çelsi" daha yuxarı səviyyədədir, Kontenin "Napoli"si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edir. Dinamika qalxıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. "Qarabağ" bu il daha yaxşıdı, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.