Qurban Qurbanov: “Yerli futbolçu əcnəbidən geri qalırsa…”
24.05.2025 - 21:11
Qurban Qurbanov: “Yerli futbolçu əcnəbidən geri qalırsa…”

Misli Premyer Liqasının XXXVI turunun "Şamaxı" - "Qarabağ" matçından (0:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Ayxan Abbasova təşəkkür edirəm ki, gənclərlə bu cür komanda formalaşdırıb. Bizim də meydanda gənc futbolçularımız var idi. Sona qədər mübarizə apardılar, nə etmək istədiklərini bildirdilər. Hər iki komanda mövsümü major notlarda başa vurdu. Azarkeşlərə təşəkkür edirəm".

- Bir neçə gün öncə "Barselona"nın düşərgəsində oldunuz. Oradan hansı təəssüratlarla ayrıldınız?
- Demək olar ki, bütün yaş qruplarının məşqində iştirak etdim. O cümlədən əsas komandanın. Çox yaxşı səfər alındı. Klub rəsmiləri ilə söhbətlərimiz oldu. Eləcə də baş məşqçi Hans Fliklə. Hər biri ilə çox geniş danışa bilmədik. Çünki "Barselona" çox böyük klubdur. Onların mənim üçün vaxt ayırması heç də asan deyildi. Onların məşqində rahatlıqla iştirak etmək olmur. Öz prinsipləri var. İlk dəfə Pep Qvardiolanın vaxtında "Barselona"nın düşərgəsində olmuşdum. Həmin vaxt ulduzlar daha çox idi. Onda da, indi də heyətdə öz akademiyalarının futbolçuları çoxdur. Yaşlarını da bilirsiz, çox gənc komandadır. Mənim üçün ora getmək çox vacib idi. Bir şeyə əmin oldum ki, sistemi qoruyub-saxlamaq vacibdir. Onu icra edən futbolçular bu sistemi sevməlidirlər. Komandada adlı-sanlı futbolçunun olması o demək deyil ki, bütün işlər düzələcək. Tam əksi ola bilər. Öyrəndiyim çıx şey oldu. Belə səfərlər həm böyük təcrübə, həm də inam verir. Bunun nəticəsində işin daha keyfiyyətli olur.

- 15 yaşlı Amin Rzayev və Hikmət Cəbrayılzadə U-21 millisinə dəvət olunub. Bununla bağlı fikirləriniz necədir?
- İndi bildim. Yəqin bu gün açıqlanıb. Əlbəttə ki, belə oyunçuların tez böyüməsi üçün onların daha yuxarı kollektivdə olması vacibdir. Gərək onlara güvənəsən, qərar verməyi bacarasan. Ayxan Abbasov sağ olsun. Uğurlar arzulayıram. Böyük turnirlərdə nə qədər tez iştirak etsələr, onların ustalığının yaxşılaşması daha tez olar. 

- Azərbaycanda "Barselona"nın akademiyası olacaq. "Qarabağ"ın bununla bağlı İspaniya klubu ilə əməkdaşlığı olacaq?
- Orada belə bir söhbət olmadı. Əlbəttə ki, biz bu gün "Barselona" deyilik. Bizim şəraitimiz o dərəcədə deyil. Onların bazasında gəzəndə bilmirsən meydançalar harada bitəcək. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onlarım metodlarından istifadə etmək lazımdır. "Barselona"nın 100 illik tarixi var. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün ancaq faydalı olacaq. Yaxşı futbolçular, məşqçilər, funksionerlər yetişə bilər. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir.

- Bu gün meydana buraxdığınız heyət sanki kuboka daha ciddi yanaşdığınızı göstərir...
- Biz kuboka həmişə ciddi yanaşmışıq. Ciddi yanaşmasaq, finala kimi hələ bilmərik. Finala gəlmişiksə, kuboku qazanmaq istəyirik. Amma qarşımızda çox istəkli kollektiv var. Ciddi hazırlaşacağıq. Millinin 8 futbolçusuna 6 günlük istirahət verdik. Finalın necə olacağını oyun günü biləcəyik.

- Yassin Benzianın komandada qalıb-qalmayacağı bilinmir. Onunla bağlı durum nə yerdədir?
- Biz öz tərəfimizdən lazım olan bütün təklifləri etmişik. Qalıb futbolçu tərəfi. Buna baxmayaraq, həmin mövqeyə oyunçu axtarışındayıq. Bir neçə futbolçu ilə aktiv danışıqlara başlamışıq. Benzia qalacaq, çox yaxşı. Karyerasını başqa yerdə davam etdirsə, biz buna yenə də sevinəcəyik. Bizə fayda verən oyunçuların yaxşılığını istəyirik. Komandadan gedən futbolçular ola bilər. Amma biz hələ sırf kubokun finalına hazırlaşırıq.

- Yeni mövsümdə legioner limiti ləğv olunacaq. Transfer siyasətinizə bunun təsiri olacaq?
- Mənim üçün futbolçunun yerli və ya legioner olmasının fərqi yoxdur. Futbolçu mənim tələblərimi yerinə yetirirsə, onu komandamda görmək istəyirəm. Həm yerlilər, həm legionerlər üçün rəqabət olacaq. Yerli futbolçu əcnəbidən geri qalırsa, əlbəttə legionerə üstünlük verəcəm. Və ya əksinə. Qruplara düşsək, daha çox futbolçuya ehtiyacım olacaq. İki cəbhədə nəticə vermək üçün mütləq şəkildə keyfiyyətli oyunçularımız olmalıdır.

- Vensan Abubakar və Manfredas Ruzgisin adı "Qarabağ"la hallanır. Bu, nə dərəcədə doğrudur?
- Yox, hələ heç bir futbolçu ilə belə bir danışıq olmayıb.