Rafael Məhərrəmli: “Gələcək oyunlarda bundan da yaxşı olacağıq”
25.01.2025 - 19:48
Rafael Məhərrəmli: “Gələcək oyunlarda bundan da yaxşı olacağıq”

"Rəqiblərimizin hamısı çox yaxşı komandalardır, Allahın köməkliyi ilə Premyer Liqada qalarıq" 

"Şamaxı"nın yarımmüdafiəçisi Rafael Məhərrəmli Apasport.az saytına müsahibə verib.

- "Şamaxı" dünən "Zirə" ilə görüşə yaxşı başlasa da, sonluğu uğurlu gətirə bilmədi. Səncə, səbəb nədir? Niyə komanda "Zirə"yə uduzdu?
- Matçın çətin keçəcəyini bilirdik. Çünki "Zirə" yüksək yerlər uğrunda mübarizə aparan komandadır. İlk hissədə də yaxşı oyun göstərdik. Üstün tərəf də biz idik. Hesabı da elə özümüz açdıq. Təəssüflər olsun ki, ani diqqətsizlik ilk hissənin son dəqiqəsində qapımızda qolu gördük. Bu da istər-istəməz "Zirə"yə motivasiya verdi. İkinci hissənin əvvəlində gələn qol ilə hesabda önə keçdilər. Ondan sonra bir neçə qol fürsəti əldə etsək də, yararlanmaq alınmadı. Xeyirlisi. Əsas "Zirə" oyununu unudub gələcək matçlara köklənməliyik.

- "Şamaxı" fasilədən sonra iki oyunda da məğlub olub. Həm "Qarabağ", həm də "Zirə"yə. Rəqiblər uyğun olmadığı üçün belə alındı səncə, yoxsa komanda hazırlığı istədiyi kimi keçə bilmədi?
- Düşünürəm ki, komandamız indi də formadadır. Qış fasiləsi olmamışdan son 4-5 oyunda da çox yaxşı oynayırdıq. Bəzi oyunlarda şanssızlıq üzündən qələbə qazana bilmədik. Ancaq son matçda "Sabah"ı məğlub edərək özümüzə inamımız daha da artmışdı və bu dövrəyə də elə başlamışıq ki, ilk rəqibimiz "Qarabağ" idi. "Qarabağ"ın da necə komanda olduğunu hər kəs bilir. Düşünürəm ki, onlara qarşı da çox yaxşı mübarizə apardıq. Sadəcə diqqətsizliyimiz oldu. O olmasaydı, xal qazana bilərdik. Hər iki komandadan da xal götürməyi bacara bilərdik. Gələcək oyunlarda bundan da yaxşı olacağıq. Çox inanıram.

- Qışda gedənlər çox olsa da, gələnlər də az deyildi. Səncə, qışdan sonrakı heyətiniz qışa qədərkindən daha güclü görünmür?
- Heyətimizdə hazırda oyunçu çoxdur. Bu da yaxşı haldır. Bilirsiz, qışa qədərki dövrədə zədəlilərimiz ortaya çıxanda, heyətin kasad olmasını hiss edirdik. Amma şükürlər olsun ki, indi daha yaxşıyıq. 

- "Şamaxı" hazırda 8-ci pillədədir. "Kəpəz" qələbə qazanacağı təqdirdə sizə çatacaq. Hazırkı mövqe sizi narahat edir yəqin? Ümumiyyətlə, Premyer Liqada düşmək təhlükəsini hiss edirsiz, sıxıntı verir sizə, psixoloji basqı mənasında.
- Bu haqda yalnız bir şey deyə bilərəm ki, sadəcə oyunlara köklənmişik. Öz üzərimizdə işləyib, daha da irəli getməliyik. Çünki həqiqətən də rəqiblərimizin hamısı çox yaxşı komandalardır. Allahın köməkliyi ilə Premyer Liqada qalarıq. Bizim də yaxşı komandamız var. 

- Qarşıdakı turda isə rəqibiniz "Neftçi"dir. Onlara qarşı səfərdə oynayacaqsız. Bu sezon Bakıda 2:2 bərabərə qala bilmişdiniz "Neftçi" ilə. Səncə, bu dəfə onları məğlub etmək sizə müəssər olacaq?
- Bizə çempionatın hər oyunu vacibdir. Hazırda bu oyuna köklənmişik. Hər oyuna udmaq və xal qazanmaq məqsədi ilə çıxırıq. Ümid edirəm ki, istəyimizə çatarıq. Asan olmayacağı bəllidir. Hər halda, nəticə üçün oynayacağıq.

- Bu mövsüm "Şamaxı"da daimi olaraq oynayırsan. Xüsusən də sağ cinahda sürətinlə seçilirsən. Heç milli komandadan, Fernandu Santuşdan dəvət gözləyirsən? Səncə, qarşıdakı toplanışlar üçün bunu reallaşdıra bilərsən?
- Əlbəttə ki, hər futbolçunun arzusu milli komandasının şərəfini qorumaqdır. Mənim də, həmçinin. Azərbaycan millisində oynamağı çox istəyirəm. Xeyirlisi nədirsə, o da qismət olar. Mən məşqlərimi edirəm, öz oyunumu nümayiş etdirirəm. Ümidvaram ki, bu da baş verər.

0