
"Qarabağ"ın sabiq futbolçusu Ramal Hüseynov Apasport.az saytına müsahibə verib.
- "Qarabağ" artıq iki yeni transferi reallaşdırıb: Dani Bolt və Pedro Bikalyo. Maraqlıdır, bu iki oyunçu haqda məlumatlısız? Heç onların karyerası ilə maraqlanmısız?
- "Qarabağ"ın bu transferindən məlumatım var. Hər iki futbolçu braziliyalıdır. Sonradan da Portuqaliyaya gəliblər. Amma elə də böyük karyeraları yoxdur. "Qarabağ"ın siyasəti bu cür oyunçuları gətirib ulduza çevirmək və daha sonra başqa kluba satmaqdır. Bunu da çox yaxşı bacarırlar. Nə qədər bu cür futbolçu görmüşük. Elə də böyük karyerası olmayıb, "Qarabağ" isə onları ulduza çevirib. Yeni gələnlər də belə ola bilər.
- Necə düşünürsən, daha çox Portuqaliya karyerası olan bu iki futbolçu "Qarabağ"da uğurlu ola bilər? Adətən Portuqaliyadan transferlər uğurlu alınır deyə, bu futbolçuların da uğurlu olacağını düşünmək olar?
Portuqaliya karyerası olan futbolçular çox yaxşı formada çıxış edirlər. Nəzərə alsaq ki, bunlar braziliyalıdır, ikiqat futbol məktəbindən keçiblər, çox uğurlu olacaq. Hər iki oyunçunun "Qarabağ"da uğurlu ola biləcəyinə inanıram.
- Necə düşünürsüz, "Qarabağ"ın gücləndirəcəyi hələ mövqe çoxdur? Neçə transferlə komanda komplektləşə bilər? Daha çox hansı mövqelərə ehtiyac var?
- "Qarabağ"ın gücləndirəcəyi mövqelər hələ də var. Daha çox hücum və müdafiəyə üstünlük verməlidirlər. Əminəm ki, transferlər gələcək. Çünki onlar özü də hər şeyi yaxşı bilir, başa düşür. Yeni transferlər olduğunu bilirlər.
- "Qarabağ"ın yollarını ayırdığı futbolçulardan daha çox kimin gedişi komanda üçün itki sayıla bilər? Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli?
- Məncə, "Qarabağ"dan kimsə gedibsə, onlar üçün itki sayılmır. Çünki onun yerini dolduracaq, ondan da yaxşısını transfer edə bilirlər. Amma fikrimcə, Marko Veşoviç çox yaxşı oyunçu idi. "Qarabağ" üçün çox vacib, lazımlı futbolçu idi. Komandada oynadığı dövrdə də çox yaxşı tərəfdən özünü göstərmişdi.
- Ümumiyyətlə, son mövsümdə Avropa Liqasında gözlənilən kimi çıxış etməyən "Qarabağ"ın 2025/2026 mövsümündə Çempionlar Liqasında uğurlu olacağını, əsas mərhələyə qədər irəliləyə biləcəyinə inanırsınız?
- "Qarabağ" özü də digər komandalar üçün hər zaman çox güclü rəqib olub. Təsəvvür edin, artıq illərdir ki, "Qarabağ" avrokuboklarda çıxış edir və bu illər ərzində onlar böyük təcrübə qazanıblar. İnanıram ki, 2025/2026 mövsümündə "Qarabağ" Çempionlar Liqasında uğurlu olacaq. Təbii ki, püşkatmadan da asılı olan məsələlər var. Sadəcə mən "Qarabağ"ın çox güclü olduğuna inanıram.
- Əvvəlki illərə baxanda, "Qarabağ"ın ildən-ilə daha da gücləndiyini, heyətinin daha da formalaşdığını düşünürsüz? Yoxsa, fikrincə, əvvəllər daha güclü heyətə malik idi komanda?
- İndi də komanda güclüdür. Amma müqayisə aparırsınızsa, deyim. Məncə, "Qarabağ"ın əvvəlki heyəti çox güclü idi. Bu da açıq-aşkar görünürdü. "Qarabağ" yenidən o cür heyəti komplektləşdirmək istəyir. Bundan əminəm. Çünki komanda həqiqətən də əla səviyyədə futbol oynayırdı, "Bayer" kimi çox güclü rəqibə qarşı başabaş və bəzən üstün futbol oynayırdı. Məncə, onlar yenidən bu cür heyətin olmasına çalışacaqlar.