“Xarici komandalar “Qarabağ”ın müdafiədəki boşluğunu bilir və rahat şəkildə bundan istifadə edir”.
Bu sözləri apasport.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.
Təcrübəli çalışdırıcı bu gün UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - FKSB oyunu haqqında fikirlərini bölüşüb:
“Qarabağ”ın geridə qalan turlardakı oyunlarına nəzər salsaq görərik ki, təmsilçimiz optimal heyətini ortaya qoya bilmədi. Bunu biz daxili çempionatda da gördük, təsnifat mərhələsində də. Komanda əslində qrup mərhələsinə vəsiqə qazandıqda düşünürdük ki, “Qarabağ” bəzi eyni səviyyəli klublarla oyunlarda xal qazana bilər. Mən mövsümün əvvəlindən təmsilçimizin bu turnirdə maksimum 9 xal qazanacağını düşünürdüm".
Tərlan Əhmədov Ağdam təmsilçisinin ötən ilki oyunundan uzaq olduğunu vurğulayıb:
“Qarabağ”ın müdafiəsində problemlər böyükdür. “Şamaxı” ilə matçda da bunu bariz şəkildə gördük. Təmsilçimiz müdafiə xəttində həddindən artıq çox səhvlərə yol verir. İki oyundan bir heyətdə dəyişikliklər olur. Bu, arxa xəttdə çıxış edən oyunçuların tam şəkildə bir-birlərini başa düşmələrinə şərait yaratmır. Bu da komandanın uğursuz çıxış etməsinə gətirib çıxarır. Daxili çempionatda “Qarabağ”ın hücum xəttindəki aqressivliyi, yaradılan qol epizodları arxa xəttə olan problemləri ört-basdır edir. Lakin bu taktika Avropada keçmir".
Mütəxəssis Ağdam klubunun ciddi itkilərlə meydana çıxacağını söyləyib:
"Görüşdə Juninyo və Benzianın yoxluğu təmsilçimiz üçün olduqca böyük itkidir. Yarımmüdafiənin mərkəzində, oyun qurulmasında Benzianın rolu böyük idi. Juninyo, Benzia, Zubir tandemi komandaya uğur gətirirdi. Bu üçlünün hücumda sərgilədiyi oyun klubu hər zaman uğura apardı. Amma bu gün bu tandemin olmaması “Qarabağ” üçün böyük ölçüdə problem yarada bilər. Hər halda meydana çıxan hər bir futbolçu dərk etməlidir ki, onlara şans verilib. Maksimum nəticə əldə etmək üçün əllərindən gələni etməlidirlər. “Qarabağ”ın öz oyun üslubu var. Artıq Avropada da bunu bilirlər".
O, qarşılaşmanın olduqca ağır keçəcəyini bildirib:
"İndiyə qədər rəqib komandalar “Qarabağ”a heç bir şans tanımayıb. Buna görə düşünürəm ki, bugünkü oyun da asan olmayacaq. Ümid edirəm ki, Ağdam təmsilçisi bu oyunda qələbə qazanacaq. Hər halda istərdik ki, doğma meydanda ilk qalibiyyətimizi alaq. Komanda qol epizodlarından çox az istifadə edir. Fikrimcə, matçda müdafiə daha kompakt şəkildə çıxış etməlidir. Rəqib məğlub olmaq üçün bura gəlmir. Onlar da bizdən maksimum xal qazanmağa çalışacaqlar. Geriyə baxanda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur. Ayın 30-u təmsilçimizi səfərdə “Olimpiakos”la çətin görüş gözləyir. Futbolda hər şey ola bilər. Düşünürəm ki, “Qarabağ” artıq yeni mövsüm üçün planlar qurmalıdır. Komandaya yeni nəfəs lazımdır. Fikrimcə, təmsilçimizdəki bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar. Yaradılacaq qol epizodlarından maksimum istifadə olunmalıdır ki, qalibiyyət əldə olunsun”.
Qeyd edək ki, “Qarabağ” - FKSB görüşü Bakı vaxtı ilə 21:45-də start götürəcək.