"Neftçi"nin sabiq forvardı Tyaqo Bezerra apasport.az saytına müsahibə verib.
- "Neftçi"ni daim izlədiyini bilirəm. Sabiq komandan hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb və cəmi 3 qələbə qazanıb. Bu isə mövsümdə ən zəif göstəricidir. Hətta sonuncu pillədə qərarlaşan komanda belə "Neftçi"dən daha çox qələbə qazanıb...
- Əlbəttə ki, "Neftçi"ni daim izləyirəm. Oyunlara tam olaraq baxa bilmirəm. Amma matçlardakı bütün qollara baxıram. "Araz-Naxçıvan"la görüşü izlədim. Ramon Maçado da sabiq komandasına qol vurdu. "Neftçi"də işlər yaxşı getmir. Bunu dərhal görmək olar. Sonuncu pilləyə də yaxındır. Həqiqətən də, "Neftçi" üçün pis mövsümdür. Ola bilər ki, uzun illərdir komanda bu cür pis nəticə göstərməmişdi. Amma məncə, işlər qaydasına düşəcək. Yeni sezonda daha yaxşı komanda formalaşdırmağa məcburdurlar.
- "Neftçi"nin Premyer Liqadan düşmək təhlükəsi də var. Onları sonuncu pillədən cəmi 4 xal ayırır. Klub bu durumdan çıxmaq üçün nə etməlidir?
- Bəli, bu heç də yaxşı hal deyil. Əslində, durum həqiqətən təhlükəlidir. Cəmi üç oyunda qalib gəliblər. Digər matçlarda da qazanmaq lazımdır. "Neftçi" üçün sıxıntılı sezondur. Düşüncəm odur ki, "Neftçi" işləri yoluna qoyacaq. Çünki böyük klub, böyük camiadır. "Neftçi" Azərbaycanda, Avropada da böyük komandadır. Fikrimcə, işlər pis davam etməyəcək.
- "Neftçi" mövsümü sonuncu bitirsə, böyük faciə kimi qarşılana bilər...
- "Neftçi"də işlər pis getsə belə, bunun baş verəcəyini düşünmürəm. Bunu heç kim gözləmir. Nə özləri, nə azarkeşləri, nə rəqibləri, nə də biz... "Neftçi" aşağı liqaya düşəcək komanda deyil. "Neftçi" daim çempionluğa oynayan klubdur. Aşağı liqaya düşə biləcək komandalar arasında adının keçməsi də lazım deyil. "Neftçi" aşağı liqaya düşərsə, bu, əsl böyük faciə olacaq. Amma bu baş verə bilməz. "Neftçi" yaxşı vəziyyətə gələcək.
- "Neftçi"nin hazırda mövqe olaraq forvardı olsa da, qol vuran, qol duyumu olan hücumçusunun olmadığı görünür. Sanki sonuncu əsl 9 nömrə sən olmuşdun...
- Təkcə "Neftçi"də deyil, ümumiyyətlə 9 nömrə tapmaq çox çətindir. Futbol çox dəyişdi. Gənc futbolçular da o mövqedə oynamaq istəmirlər. Çünki çox da asan mövqe deyil. Komanda səndən çox şey gözləyir. Sənin isə tək nəsə etməyin çox çətindir. Çünki hücumda olanda rəqib müdafiəçilər daim sənə diqqət edir, yaxın olur, kontrol edir. Bu mənada, aktual futbolda cinah oyunçuları daha önəmlidir. Dünyada əsl 9 nömrə çox az qalıb. Aktual futbolda vəziyyət çox dəyişdi. "Neftçi" üçün deyil, elə burda, Səudiyyə Ərəbistanında da 9 nömrə tapmaq çətindir.
- "Neftçi"nin bu uğursuz dönəmdə mövsümü titulla bitirmək imkanı var. Onlar ölkə kubokunu qazanaraq liqadakı uğursuz mövsümü unutdura bilər?
- Bəli, "Neftçi" buna məcburdur. Bir az mübarizə aparsalar, sona qədər oynasalar, bəlkə də kubokda irəliləyib mövsümü titulla bitirə bilərlər. Ötən mövsüm də "Neftçi" üçün yaxşı keçmədi. Onlar artıq uğurlu nəticə qazanmalıdırlar. Doğrudur, bütün böyük klublarda uğursuz dönəm olur. "Neftçi" bu vəziyyətdən çıxaraq, təcrübə qazanmalıdır. "Neftçi" harda və hansı səhvi etdiyini analiz etməlidir. Yəqin ki, edirlər də.
- Bu yaşında (red. - 37 yaş) "Neftçi"yə gələrək qollarını sıralaya bilərsən?
- Mən hər zaman "Neftçi"yə gəlmək istəyərəm. Amma real baxsaq, bu alınan deyil. "Neftçi" gənc, fərqli oyunçu axtarışındadır. Futbolda sistemlər çox dəyişdi. Əsl 9 nömrə oyunçular üçün də oynamaq çətindir. Çox komandalar bu cür futbolçulara güvənmirlər, dəstək vermirlər. Çünki çətin mövqedir. Amma mən hər zaman qollarımı vurmuşam, burda da, Azərbaycanda da. Hara getdimsə, orda qollar vurmuşam. Bu komandanı hər zaman izləyirəm. "Neftçi"nin də bir azarkeşi mənəm.