“Mən bir neçə gündü Pakistan yığması ilə hazırlıq keçirəm. Komandada yaxşı voleybolçular var. Lakin onlar gərgin məşq etməli, ölkə xaricində təlim-məşq toplanışı keçməlidi. İndiki dövrdə beynəlxalq tələblərə uyğun komanda olmaq istəyirsənsə, bütün bunlar vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Pakistan millisinin baş məşqçisi Hamid Movahidi deyib.
İranlı mütəxəssis yeni komandasının Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında hədəflərindən danışıb. O bildirib ki, mayın 12-22-də Bakıda keçiriləcək yarışa Tehranda hazırlaşacaqlar: “Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları öncəsi yoxlama matçları keçirməyi planlaşdırırıq. Tehranda İran yığması ilə bir neçə sınaq görüşü keçirmək barədə razılıq əldə etmişik. Ordan Bakıya yollanacağıq. İslamiada başa çatdıqdan sonra birbaşa Qırğızıstana gedib, dünya çempionatının seçmə mərhələsinə qatılacağıq”.
Movahidinin sözlərinə görə, yer aldıqları A qrupunda Fələstinlə Türkmənistana qarşı müqavimət göstərmək gücündədilər. Lakin o, Azərbaycan və Türkiyə ilə görüşlərin çox çətin alınacağını da vurğulayıb: “Voleybolçularımızla çox intensiv məşqlər keçirik. Onlar da Azərbaycan və Qırğızıstandakı sınaqları səbirsizliklə gözləyirlər. İslam Oyunlarında çətin qrupa düşmüşük. Avropa Liqasında mübarizə aparmış Türkiyə millisi çox güclüdü. Meydan sahiblərinin də yaxşı komandaya malik olduğunu qeyd etməliyəm. Amma bizim də şansımız var. Bakıdakı turnir zamanı hazırda İranda çalışan köməkçi dostlarımı yığmaya cəlb etmək istəyirəm. Onlar Azərbaycan və Qırğızıstanda komandaya kömək edə bilərlər”.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb