“Döyüşlərim çox çətin keçdi. İlk 4 görüşümlə müqayisədə final qarşılaşması daha gərgin alındı. Çünki döyüşlər arasında dincəlməyə, bərpa olunmağa elə də çox vaxt yox idi”. Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının saytına açıqlamasında yığmamızın üzvü Nurlan Səfərov deyib.
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyində qızıl medal və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız yarışla bağlı fikirlərini açıqlayıb: “Avropa birinciliyinə məhz çempionluq üçün yollanmışdım. Çünki əvvəldən qarşıma bir sıra məqsədlər qoymuşam. İlk hədəfim Avropa çempionu olub, Olimpiadaya lisenziya qazanmaq idi ki, bunun öhdəsindən gəldim. Növbəti yarışımız dünya birinciliyi olacaq. Mundialın ardınca Olimpiya Oyunları keçiriləcək. Ancaq qarşıdakı turnirlərlə bağlı bütün qərarları yığmamızın baş məşqçisi Vaqif Şirinov verəcək”.
60 kq çəki dərəcəsində qitənin ən güclüsü olan Səfərov uğurunu təlim-məşq toplanışlarının yüksək səviyyədə keçməsi ilə əlaqələndirib. O bunun üçün federasiyaya, məşqçilərə təşəkkür edib: “Oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmək üçün məşqlərimi daha da sürətləndirəcəm. Orda da istəyim dəyişməz qalacaq. Yarışa kimi daha da yaxşı forma yığıb, Olimpiya çempionu olmaq istəyirəm”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq