Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını yeniləyib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının yekunlarına əsasən müəyyənləşən cədvəl Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, qitənin ən güclüsü adını qazanan Hidayət Heydərov 73 kq çəki dərəcəsində 16 pillə irəliləyib. O, 7-ci yerə yüksəlib. Bu siyahıya son aylarda olduğu kimi, yenə Rüstəm Orucov başçılıq edir. Olimpiya mükafatçımız Avropa çempionatında bürünc qazanmaqla yerini daha da möhkəmlədib.
Çempionatı 3-cü yerdə bitirən Orxan Səfərov (60 kq) da liderliyini qoruyub. Avropa çempionumuz Elxan Məmmədov (100 kq) isə mövqeyini daha da yaxşılaşdırıb. Həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 4-cü yerə qalxıb. Polşada keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxan millimizin təcrübəli idmançısı Nicat Şıxəlizadə (66 kq) də cəmi 3 cüdoçudan geri qalır. O, 1 pillə yuxarı qalxıb.
Digər aparıcı cüdoçularımıza gəlincə, Uşanqi Kokauri (+100 kq) 1, Tural Səfquliyev (90 kq) 4 rəqibini qabaqlayıb. Onlar müvafiq olaraq, 18-ci və 23-cüdü. Elmar Qasımov (100 kq) yenə 1-ci, Rüfət İsmayılov (81 kq) 15-cidi. Xanım cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) da xal hesabını artırmaqla, 30-cu yerə qalxıb.
Onlardan fərqli, Məmmədəli Mehdiyev (90 kq) 1, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 3 pillə aşağı düşüblər. Onlar müvafiq olaraq, 12-ci, 29-cu və 62-ci yerə eniblər.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb