[b]Bakı-2015: I Avropa Oyunlarının açılış mərasimi keçirilib[/b] - YENİLƏNİB - VİDEO
12.06.2015 - 22:04
[b]Bakı-2015: I Avropa Oyunlarının açılış mərasimi keçirilib[/b] - YENİLƏNİB - VİDEO

“Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başa çatıb.

 

Muğam ifaçısı Alim Qasımovun ifası altında “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimində səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, “küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxıblar.

 

Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edib. 

 

Qobustan qayaüstü abidəsini canlandıran səhnə nümayiş etdirilib və kişi qayadakı daşların birinin üzərində səhnəyə çıxıb. Daha sonra səhnədə alovlu dairə nümayiş olunub. Alov söndükdən sonra kişi və qadın böyük Avropa Oyunları məşəlini alovlandırıblar

 

Ardınca təntənəli atəşfəşanlıq olub. 

 

Sonda bu axşamın 2000 ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi “Yallı”nı oynayıblar.

 

***

 

68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” - I Avropa Oyunlarının rəsmi açılış mərasiminə start verilib.

 

APA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da mərasim muğam ustası Alim Qasımovun ifasında muğamla başlayıb.

 

50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb.

 

Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir.

 

Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülür.

 

Sonra tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.

 

Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib.

 

Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.

0