
"Yaxşı müdafiə olunaraq, əla mübarizə apardıq. Bu gün yaxşı müdafiə bizə hücumda da effektli olmağa kömək etdi".
Apasport.az xəbər verir ki, bunu "Abşeron" basketbol komandasının baş məşqçisi Erhan Toker deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində NTD üzərində qazanılan 88:74 hesablı qələbəni şərh edib: "Mövsüm ərzindəki əksər oyunlardan daha yaxşı oyun sərgilədik. Konsentrasiyanı çox az əldən verdik. Eyni zamanda bütün oyunçular və xüsusilə oyuna daxil olan yerli oyunçular da böyük dəstək verdi komandaya. Elçin Salmanzadə, Məhəmməd Hüseynli, Məhəmməd Sadıkov və xüsusilə İsmayıl Abdullayev, bir sözlə hər biri bu qələbə pay sahibi oldu. Aubri Makalpayn, Vilyam Cenkins və Ayinde Hikim də növbəli şəkildə komandaya çox yaxşı liderlik edə bildilər. Buna görə də bu oyunu qazana bildik. Bəli, NTD çox forumda olan komandadı. Lakin bir çatışmazlıqları var idi. Tək oyunqurucusu ilə oynamaq məcburiyyətində idilər. Bu onlar üçün də alışmadıqları durumdu. Bizim üstünlüyümüz məhz bunda oldu. Bu nəticənin növbəti oyuna pozitiv təsiri olacağına ümid edirəm. Bunu hər zaman deyirəm. Burada günlük performans daha vacibdir. Əgər növbəti matçda bu dəfəki kimi yaxşı müdafiə olunub, komanda oyununu icra edəcəklərsə, o zaman o görüşü də qələbə ilə başa vura bilərik".