
"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XV turunda “Lənkəran”la matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, görüş barədə fikirlərini bildirib.
"Hələ də liderlik üçün mübarizə aparmağa davam edirik. 3 komanda eyni xala malikdir. Matça yaxşı başladıq. Hətta 13 xal fərqlə önə keçdiyimiz an oldu. Amma 3-cü periodda rəqibimiz müqavimət göstərdi. Sadəcə, son periodda yaxşı xarakter göstərib, matçda qələbə qazandıq. Aleks Koldvellin komandadan getməsi ilə, təbii ki, biz çox şey itirdik. Ancaq bu gün digər amerikalı oyunçularım özlərinin nə qədər yaxşı olduğunu göstərə bildi. Təəssüf ki, digər oyunçularımızda istədiyim performansı görə bilmirəm. Onların da həm müdafiə, həm də hücumda bizə dəstək olması lazımdır.
Bu gün yerli oyunçu kimi Tariel Yusifzadəni start heyətdə meydana buraxdıq. Ərcan Donat bizim üçün dəyərli oyunçudur, millinin üzvüdür. Onun yaxşı performansına çox ehtiyacımız var. Onu yenidən qazana bilmək üçün bu dəyişikliyi etdik. Yeni transferimiz də sabahdan komandada olacaq. İnşallah, onunla birgə bundan sonra hədəflədiyimiz pley-offa çıxacağıq".