Ergin Ataman türkləri məyus etdi - “Panatinaikos" "Final Four"da
07.05.2025 - 00:58
Ergin Ataman türkləri məyus etdi - “Panatinaikos" "Final Four"da

Basketbol üzrə Avroliqanın pley-off turunun 1/4 final mərhələsinin son matçında "Anadolu Efes" "Panatinaikos"un qonağı olub.

Apasport.az xəbər verir ki, ev sahibləri rəqibini 75:67 hesabı ilə məğlub edib və seriyanı 3-2 edərək "Final Four"a yüksəlib.

Türkiyə milli komandasının baş məşqçisi Ergin Atamanın başçılıq etdiyi "Panatinaikos"un heyətində ən sərrast oyunçu da Türkiyə millisinin üzvü olub. Belə ki, Cedi Osman, 28 xal və 8 ribaundla komandasının qələbəsində önəmli pay sahibi olub. Qonaq komandanın ən çox xal toplayan basketbolçusu isə Eliyah Bryant olub - 16 xal, 4 ribaund, 4 assist.

Xatırladaq ki, "Dördlər finalı" mayın 23-25-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə yerləşən “Etihad Arena”da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl "Fənərbaxça Beko", "Monako Basket" və "Olimpiakos" "Final Four"a vəsiqəni təmin etmişdi.