
Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiyanın digər rəsmiləri ilə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş baş tutub.
Apasport.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Basketbol Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunub.
Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda başda Basketbol Çempionlar Liqası olmaqla iştirakının vacibliyini vurğulamış, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.
Qeyd edək ki, rəsmilər görüşün sonunda xatirə şəkilləri çəkdiriblər.