“Gəncə”nin oyunçusu: "Bu dönəmdə az oynamağım normaldır"
01.11.2024 - 14:19
“Gəncə”nin oyunçusu: "Bu dönəmdə az oynamağım normaldır"

“Komandamız çempionata yaxşı başlayıb. İki oyun keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub”.

Apasport.az xəbər verir ki, bunu “Gəncə”in basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Cəbrayıl “Gəncə”nin uğurlu çıxışının qarşılaşmalarda düzgün taktika seçməklə bağlı olduğunu vurğulayıb: “Rəqibləri təhlil edib onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur”.

“Quba”ya qarşı son çempionat görüşündə az da olsa oynamaq şansı qazanan hücumçu formaya düşməyə çalışdığını bildirib: “Bu qarşılaşmadan əvvəl demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra çətindir, amma bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim oyunumla kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.

O, “Ordu” ilə səfər oyununun hər iki tərəf üçün çətin keçəcəyini qeyd edib: “Həm biz, həm də onlar iddialıdırlar. B qrupunun favoritləriyik və demək olar ki, eyni gücdəyik. Qələbə ən çox bunu arzulayanın, meydanda can qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələ bilərik, belə də olacaq. Buna inanıram”.

0