
"Danışmaq çox çətindir. Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç deyib.
Belaruslu baş məşqçi Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə məğlub olduqları oyunu dəyərləndirib:
"Bilmirəm, oyunçularıma nə deyim. Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçuların top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir. Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm. Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna da çox pis təsir edir. Digər tərəfdən, heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda da nəticə qazanmaq çətin olur. Lənkərandakı cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm. Əksinə, "Gəncə" daha güclü heyətlə oynayacaq. Bu gün qələbə qazana bilərdik. Təssüf ki, bunu bacarmadıq. Çox üzücü şəkildə məğlub olduq".
Qeyd edək ki, Gəncə İdman Sarayında baş tutan "Gəncə" - "Lənkəran" matçı meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.