
“NTD-nin çoxlu çempionluqları olub, amma bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalında “Gəncə”yə qalib gələn NTD komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qələbəni şərh edib:
“Mövsüm çətin keçir. Murad Babayevin kubokda olmaması təsirini göstərdi. Rotasiya etmək məcburiyyətində qaldıq. Gənc oyunçular yaxşı oynadılar, xüsusilə Oğuzxan Quliyev. O, etimadı doğrultdu. Hüseyn Məmmədov da “Neftçi”yə qarşı yarımfinalda pis oynamadı. Bütün komandanı təbrik edirəm. Biz bu qələbəyə doğru gedirdik. Bütün komanda bir məqsəd üçün çalışanda heç bir maneə olmur. İndi bunu qəbul edib hiss etməli və sonra çempionata hazırlaşmalıyıq”.
Baxşıyev daha əvvəl də Azərbaycan Kubokunda qələbəyə yaxın olduqlarını vurğulayıb:
“Federasiyaya lazımi şəraiti yaratdığı üçün təşəkkür edirəm. 2 il əvvəl finalda uduzduq. Keçən il yarımfinalda məğlub olduq. İndi isə qalib gəldik. Bütün komandanı təbrik edirəm”.
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında keçirilən final görüşündə NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.