Mirbağır İsayev: "FƏNƏRBAXÇA" İLƏ OYUNDA 20 YAŞIM VAR İDİ"
28.09.2026 - 13:45
Mirbağır İsayev: "FƏNƏRBAXÇA" İLƏ OYUNDA 20 YAŞIM VAR İDİ"

"Turan Tovuz" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirəcək.

Təmsilçimiz oktyabrın 3-də Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun deyil. Tərəflər daha əvvəl 1994-cü ildə UEFA Kubokunun təsnifat mərhələsində də qarşılaşıblar. 

Həmin matçın iştirakçılarından olan Mirbağır İsayev 32 il əvvəlki xatirələrini "Apasport"la bölüşüb:

– “Turan Tovuz”un 1994-cü ildə “Fənərbaxça” ilə keçirdiyi hər iki oyunda iştirak etmisiniz. Həmin görüşlərlə bağlı hansı xatirələriniz var?
– Həm xoş, həm də üzücü xatirələrimiz var. Bu, bizim üçün UEFA Kubokunda ilk oyun idi. Hamımız çox sevinirdik. Xüsusilə nəzərə almaq lazımdır ki, “Fənərbaxça” Türkiyənin ən çox sevilən klublarından biridir. Onların heyətində çox güclü futbolçular var idi. Biz isə çox gənc idik, mənim 20 yaşım vardı. Belə bir rəqibə qarşı, İstanbulda, “Fənərbaxça”nın stadionunda, o qədər azarkeşin qarşısında oynamaq bizim üçün həm xoş, həm də çox çətin idi.

İlk avrokubok oyunumuz idi və təbii ki, həyəcanlıydıq. Mənim üçün də çox çətin qarşılaşma olmuşdu. Amma həmin oyun bizim üçün böyük məktəb, təcrübə oldu. Belə səviyyəli futbolçulara qarşı avrokuboklarda meydana çıxmaq bizim üçün fəxr idi. Mən də sevinirdim ki, həmin komandanın əsas heyətində yer almışam.

Bizim heyətimizdə Qurban Qurbanov, Musa Qurbanov, Vidadi Rzayev kimi təcrübəli futbolçular var idi. Onların yanında oynamaq bizim üçün əlavə təcrübə idi. Nəticə, təbii ki, bizi üzdü. Cavab görüşündə də Sumqayıtda 0:2 hesabı ilə məğlub olduq. Amma həmin oyunların gələcək karyeramız üçün böyük faydası oldu.

Ən vacibi, Azərbaycanı təmsil edirdik. “Turan Tovuz” region komandası idi. O dövrdə klubda bizə yüksək səviyyədə qayğı göstərilirdi. İstəyərdim ki, yenidən təkcə “Turan Tovuz” yox, digər region klublarımız da avrokuboklarda çıxış etsinlər. Regionlarda kifayət qədər potensiallı gənclərimiz var.

Hər bir futbolçunun karyerasında belə oyunların xüsusi yeri olur. Bu gün mənim fəaliyyətim də regionları əhatə edir. Layihənin direktoru kimi bütün diqqətimizi regionlarda olan uşaqlara yönəltmişik. Onları üzə çıxarmalıyıq. Kim deyirsə Azərbaycanda istedadlı uşaq yoxdur, o, yalan danışır. Yetərincə potensiallı uşaqlarımız var. Sadəcə onları tapmaq və üzə çıxarmaq lazımdır. Biz də bu istiqamətdə çalışırıq. 

– Bu həftəsonu “Turan Tovuz” yenidən “Fənərbaxça” ilə qarşılaşacaq. Hazırkı “Turan Tovuz” və qarşılaşma barədə nə düşünürsünüz?
– Bizi də oyuna dəvət ediblər. "Turan Tovuz" tərəfindən xüsusi dəvət olunmuşuq. Lakin komandanın hazırkı vəziyyəti barədə kənardan fikir bildirməyim düzgün olmaz. Komandanın daxilində deyiləm, məşq prosesini, futbolçuların durumunu yaxından bilmirəm. Kiminsə işini kənardan analiz etmək mənim xarakterimə uyğun deyil. Etik qaydalara riayət etmək lazımdır.

Amma istəyərdim ki, “Turan Tovuz” yaxşı oyun göstərsin. Onlara uğurlar arzulayıram.

– Son günlər Ehtiram Quliyevin “Turan Tovuz”dan ayrılacağı ilə bağlı söz-söhbətlər gəzir. Sizcə, o, komandada qalmalıdır, yoxsa getməlidir?
– Azərbaycanda futbolun inkişafını istəyiriksə, regionlardakı klubları daha da inkişaf etdirməliyik. Mənim deyə biləcəyim budur. Ehtiram müəllimin gedib-getməməsi isə onun şəxsi qərarıdır. Bu barədə fikir bildirməyim düzgün olmaz.

Qeyd edək ki, görüş şənbə günü, saat 20:00-da start götürəcək.