
UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Ferentsvaroş"u qəbul edəcək.
Apasport.az xəbər verir ki, oyundan öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək öz yerində, oyun düşüncəsi, qabiliyyəti öz yerində... Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, yaxşı nəticə üçün əlimizdən gələni edək”.
- “Ferentsvaroş”un gücünü nəzərə alsaq, sabah “Qarabağ” daha çox nəticəyə hesablanmış oyun sərgiləyəcək?
- Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də, futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız daha baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mənim daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizi hansı problem gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gələcək, hansı basqını edəcək, ona sabah meydanda futbolçular hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.
- Psixoloji tərəfdən futbolçuları oyuna hazırlamaq çətin oldu?
- Vacib detallardan biri budur ki, səfər oyunundan sonra hamı bizi sanki cütün favoriti, qalibi kimi görür. Bu isə futbolçularda müəyyən həyəcan yaradır. Onlar buna hazır olmalıdırlar. Mənim onlarla söhbətlərim də əsasən bu yöndədir – psixoloji baxımdan hazır olmalıdırlar. Əgər biz rəqibə qarşı oyuna yox, oyundan kənar fikirlərə önəm versək, bu, bizə ciddi mane ola bilər. Ona görə də psixoloji hazırlıq ən önəmli amillərdən biridir. Bunun öhdəsindən gələ biləcəyimizi düşünürəm.
- 8 il əvvəl ‘Kopenhagen’lə oyundan öncə daha inamlı və rahat idiniz, yoxsa indi?
- Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq burada mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də inamım var. Rahatçılığım yoxdur.
- Azarkeşlərə sözünüz var?
- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də, onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.
- Nəriman Axundzadənin durumu nə yerdədir?
- Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.
- Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirələrə, narahatçılığa əsas var?
- Mən tərəfdən narahatçılığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.
- "Ferentsvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?
- Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentalitetdə idi. Robbi Kinin də komandanın baş məşqçisi olması komanda üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlki indi güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımızda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi olsa meydandan qalib kimi ayrılmaq istəyər. Sabah qarşımıza istəkli, güclü komanda çıxacaq.
- Kamilo Duranın "Qarabağ"a keçidi doğrudur?
- Var. Doğrudur.