Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
28.07.2025 - 11:33
Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub

Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitirib.

Komandamızın heyətində Abbasəli Məmmədli (48 kq) finalda ermənistanlı Davit Dunyamalyanla qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (27:30, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Nurlan Müseyibli (66 kq) həlledici görüşdə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kq) serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək qitənin ən güclüsü adına sahib olub.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medal qazanıblar.

Yığmamız bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Birinci yeri Rusiya tutub (20-3-4).

3 qızıl, 10 gümüş və 9 bürünc mükafat qazanan millimiz qitə birinciliklərində rekordlarını da yeniləyib. Komandamız Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub. Bunadək boksçularımız analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.

Qeyd edək ki, millimiz indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçumuz Avropa çempionu tituluna sahib olub.